Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-07,
Seanews
Heyder Eliyev

"Titan" faciəsi ilə bağlı 335 səhifəlik hesabat yayımlanıb: “Bu qəza qarşısı alına bilən idi”

ABŞ Sahil Mühafizəsi 2023-cü ilin iyununda "OceanGate Expeditions" şirkətinə məxsus “Titan” batiskafının "Titanik" gəmisinin qalıqlarına dalış zamanı partlaması və nəticədə 5 nəfərin həyatını itirməsi ilə nəticələnən qəza barədə 335 səhifəlik ətraflı hesabat yayımlayıb.

"Seanews.az" xəbər verir ki, hesabatda qəzaya əsas səbəb kimi mühəndislik protokollarına əməl edilməməsi göstərilib.

Qəzada həyatını itirən şirkətin təsisçisi və baş direktoru Stokton Raş (Stockton Rush) hesabatın əsas tənqid hədəfi olub. Bildirilir ki, Raş dəfələrlə “Titan”-ın təhlükəliliyi barədə xəbərdarlıqlara məhəl qoymayıb, hətta bu barədə xəbərdarlıq edənləri məhkəməyə verməklə və ya işdən çıxarmaqla hədələyib.

Hesabatda qeyd olunur: “Cənab Raş "Titan"-ın təhlükəsizliyi ilə bağlı yanlış bəyanatlarla real vəziyyəti gizlədərək süni bir təhlükəsizlik hissi yaradıb. Bu, test prosedurlarında mütəxəssisləri yanıltmaq və "Titan"-ın korpus sınaqlarının sayını şişirtməklə həyata keçirilib.”

Aparılan texniki analizlər "Titan"-ın k karbon fiber konstruksiyasının qüsurlu olduğunu üzə çıxarıb. Partlayışın “struktur bütövlüyünün” pozulması nəticəsində baş verdiyi təsdiqlənib.

Hesabatda "OceanGate" şirkətinin üzləşdiyi maliyyə təzyiqlərinin 2023-cü ildə daha da artdığı, bunun da "Titan"-ın texniki təhlükəsizliyi və istismar prosesində risklərin yüksəlməsinə səbəb olduğu qeyd edilib. 

Qeyd olunub ki, əgər Stokton Raş sağ olsaydı, ABŞ Ədliyyə Nazirliyinə onun barəsində “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi qaldırılması tövsiyə olunacaqdı.

Hesabatda "OceanGate"-in kapitanlar üçün keçirdiyi təlim proqramlarının “nizamsız” və “yetərsiz” olduğu vurğulanıb. 

Titanın xəbərdarlıq sistemi də hesabatda tənqid olunub. Sistemə səsli xəbərdarlıq funksiyasının daxil edilmədiyi, 8 sensorun 3-nün “çox güman ki, işləmədiyi”, xəbərdarlıq hədlərinin təyinində isə yalnız Raşın qərar verdiyi qeyd olunub. Bildirilib ki, xəbərdarlıqlara baxmayaraq, heç bir dalış ləğv edilməyib.

Araşdırmaya rəhbərlik edən Ceyson Nyubauer (Jason Neubauer) bildirib: "Bu qəza və beş nəfərin ölümü qarşısı alına biləcək bir faciə idi. İki il davam edən araşdırma nəticəsində bu faciəyə gətirib çıxaran çoxsaylı səbəblər müəyyən olundu və gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün vacib dərslər çıxarıldı.”

Qeyd edək ki, 2023-cü il iyunun 18-də Amerikanın “OceanGate” şirkətinə məxsus “Titan” batiskafı 1912-ci ildə Atlantik okeanında batan “Titanik” gəmisinin qalıqlarına dalma zamanı qəzaya uğrayıb. Göyərtədə olan 5 nəfərin hamısı, o cümlədən iki ekipaj üzvü həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır