Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-18,
Seanews
Heyder Eliyev

Britaniyada tarixi dənizçilik xəritələri kolleksiyasının ölkədən çıxarılmasına müvəqqəti qadağa qoyulub

Böyük Britaniyada nadir dənizçilik xəritələri kolleksiyasının ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə müvəqqəti ixrac qadağası tətbiq edilib. Qadağa Britaniyanın dünya dəniz gücünə çevrilməsini sənədləşdirən bu unikal kolleksiyanın ölkə daxilində qalması üçün muzey və ya digər mədəniyyət qurumuna onu əldə etmək imkanı yaratmaq məqsədi daşıyır.

“Seanews.az” xəbər verir ki, qərar incəsənət əsərlərinin və mədəni irs obyektlərinin ixracına dair hökumətə tövsiyələr verən müstəqil qurum – İncəsənət və Mədəniyyət Əşyalarının İxracına Nəzarət Komitəsinin (Reviewing Committee on the Export of Works of Art and Objects of Cultural Interest – RCEWA) məsləhəti əsasında qəbul edilib.

Mədəniyyət, Media və İdman Nazirliyinin məlumatına görə, “Imray, Laurie, Norie and Wilson” şirkətinin arxivini təşkil edən bu tarixi materiallar 18–19-cu əsrlərdə Britaniyanın ən nüfuzlu kommersiya xəritə istehsalçılarının fəaliyyətini əhatə edir. Kolleksiyanın dəyəri 6 milyon funt sterlinq qiymətləndirilir.

Arxivdə 200-dən çox işlək dənizçilik xəritəsi, nadir atlaslar, kapitan Ceyms Kuk tərəfindən hazırlanmış orijinal xəritənin mis lövhəsi, həmçinin admiral Lord Nelsona aid olduğu güman edilən stol da yer alır.

İncəsənət naziri Kris Bryant bildirib: “Bu qeyri-adi kolleksiya Britaniyanın qlobal dəniz gücünə çevrilməsini daha yaxşı anlamağa imkan verir. Ümid edirəm ki, bir muzey və ya mədəniyyət qurumu bu kolleksiyanı əldə edərək gələcək nəsillər üçün qoruyacaq.”

RCEWA-nın üzvü Kerolin Şenton isə qeyd edib: “XVIII və XIX əsrlərdə Britaniyanın dünya supergücünə çevrilməsində əsas amillərdən biri dənizlərdəki üstünlüyü olub. Həm Kral Donanması, həm də ticarət gəmiləri uzaq sahillərdə və okeanlarda dəqiq naviqasiya üçün məhz bu xəritələrdən istifadə edirdi.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır