

Amsterdamda “Sail 2025” beynəlxalq yelkənli gəmilər festivalı başlayıb
Amsterdam şəhərinin 750 illiyi münasibətilə beynəlxalq yelkənli gəmilər festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, “Sail Amsterdam 2025” festivalının açılışı möhtəşəm paradla müşayiət olunub.
Rəngarəng şəkildə bəzədilmiş yelkənli gəmiləri on minlərlə insan Amsterdamın sahil zolaqlarından və müşayiətedici kiçik qayıqlardan izləyiblər. Parad çərçivəsində müxtəlif ölkələrdən gətirilmiş gəmilər, o cümlədən Almaniyanın “Gorch Fock” hərbi-dəniz təlim gəmisi və “Alexander von Humboldt II” freqatı böyük maraqla qarşılanıb.
Yelkənli gəmilərin keçidi Amsterdamdan təxminən 20 kilometr məsafədə yerləşən İjmuiden limanında başlayıb və Şimal dənizi kanalı boyunca şəhərə qədər davam edib. “Sail Amsterdam” dünyanın ən böyük dəniz festivalı hesab olunur və hər beş ildən bir keçirilir. Bu il festivalın 10-cu yubiley buraxılışıdır. İlk dəfə bu tədbir 50 il əvvəl - Amsterdamın 700 illiyi münasibətilə keçirilib.
Avqustun 24-dək davam edəcək tədbirə iki milyondan çox ziyarətçinin qatılacağı gözlənilir.