

Norveçdə yüksək dəniz temperaturu səbəbindən balıq bitinin artması barədə xəbərdarlıq edilib
Norveç Qida Təhlükəsizliyi İdarəsi yay aylarında sahil boyunca müşahidə olunan yüksək temperaturdan sonra somon bitinin (sea lice) səviyyəsində “narahatedici artım” qeydə alındığını açıqlayıb.
"Seanews.az" xəbər verir ki, qurumun xəbərdarlığında bu vəziyyətin payızda ciddi problemlərə yol aça biləcəyi bildirilir.
İdarənin akvakultura üzrə nəzarət şöbəsinin direktoru Bord Skjelstad bildirib ki, Dəniz Araşdırmaları İnstitutunun hesabatlarında əvvəlki illərlə müqayisədə yoluxma riskinin daha yüksək olduğu göstərilir. Onun sözlərinə görə, idarəyə bölgələrdən balıq bitinin kəskin artması və bəzi təsərrüfatlarda icazə verilən həddin sürətlə aşılması barədə məlumatlar daxil olur.
Hazırkı vəziyyət həm müalicə imkanlarına, həm də balıqların sağlamlığına nəzarət edən mütəxəssislərə təzyiq göstərir.
“Balıqçılıq şirkətlərinin peşəkarlıq nümayiş etdirməsini və balıqların rifahını qorumaq üçün baytarların qərarlarına hörmət etməsini gözləyirik, hətta bu, maliyyə itkisi ilə nəticələnsə belə”, – Skjelstad vurğulayıb.
Məsələ ilə bağlı Norveç Qida Təhlükəsizliyi İdarəsi bu payız Dəniz Polisi ilə birgə balıq təsərrüfatlarında xəbərdarlıq edilmədən yoxlamalar aparacaq. Yoxlamaların əsas məqsədi somon biti ilə mübarizə tədbirlərinə nəzarət etmək və ciddi qanun pozuntularına qarşı tədbirlər görmək olacaq.