“ONE Innovation” konteynerdaşıyan gəmisi yeni dünya rekorduna imza atıb
"Ocean Network Express" (ONE) konteyner daşımaları sahəsində yeni bir nailiyyət əldə edib. Şirkətə məxsus “ONE Innovation” adlı konteyner gəmisi 22 233 TEU yükləməklə, bu günə qədər hər hansı konteyner gəmisində qeydə alınmış ən yüksək yükləmə göstəricisinə nail olub.
"Seanews.az" xəbər verir ki, gəmi Sinqapurdan yola düşərək FE4 marşrutu üzrə Felikstou limanına istiqamət alıb.
2023-cü ildə istismara verilən “ONE Innovation” şirkətin ilk 24 000 TEU-luq “Megamax” sinifli gəmisi kimi Yaponiyanın "Japan Marine United Corporation" şirkətinin "Kure" tərsanəsində inşa olunub. Uzunluğu 400 metr olan gəmi 24 136 TEU-ya qədər konteyner daşımaq qabiliyyətinə malikdir ki, bu da onu "ONE" donanmasının ən böyük gəmisi edir.
Bu nailiyyət şirkətin əvvəlki rekordunu da yeniləyib. 2023-cü ilin dekabrında eyni gəmi Sinqapurda liman dayanacağı zamanı 22 000 TEU yükləmişdi. Bundan əvvəl isə 2023-cü ilin noyabrında “ONE Integrity” gəmisi 21 954 TEU yükləməklə rekord qırmışdı.
“ONE Innovation” hazırda Asiyadan Avropaya (FE3) daşımaları həyata keçirən "Premier Alliance "(əvvəllər THE Alliance) xidmətində istismar olunur. Gəmi şirkətin donanmasına qoşulan altı yeni “Megamax” tipli gəmidən birincisidir.
"Ocean Network Express" 2017-ci ildə “K” LINE, "MOL" və "NYK" şirkətlərinin konteyner daşımaları fəaliyyətlərinin birləşdirilməsi nəticəsində yaradılıb. Hazırda şirkət təxminən 2 milyon TEU daşıma gücünə malik 260-dan çox gəmisi ilə dünyanın altıncı ən böyük konteynerdaşıyan şirkəti hesab olunur.

