Çində okean keçidinə qadir ilk özəl hospital gəmisi suya buraxılıb
Çinin "Zhejiang Hongsheng Shipbuilding" gəmiqayırma şirkəti "Beijing Pinglan Public Welfare Foundation" tərəfindən sifariş olunan yeni hospital gəmisini suya buraxıb.
"Seanews.az" xəbər verir ki, "China Classification Society" tərəfindən təsnifləşdirilən "Pinglan" Çində özəl sektora məxsus okean keçidinə qadir ilk hospital gəmisi kimi tarixə düşür. Gəmi Cənub-Şərqi Asiya, Cənubi Sakit Okean, Afrika, Latın Amerikası və Yaxın Şərq regionlarında tibbi yardım göstərmək və təbii fəlakət bölgələrinə humanitar yardım çatdırmaq üçün istifadə olunacaq.
Gəminin ümumi uzunluğu 100,15 metr, eni 18 metr, suya oturumu 5,4 metr, gövdə dərinliyi 8,35 metr, yerdəyişməsi isə 5 000 ton olacaq. Gəmi 50 nəfərlik heyət, tibb işçiləri və könüllülər üçün yaşayış sahəsi, həmçinin 1 000 tona qədər humanitar yardım yükü daşımaq imkanı ilə təchiz ediləcək.
Gəmidə qəbul otaqları, müşahidə otaqları, əməliyyat otağı, rentgen otağı, KT otağı və helikopter meydançası kimi tibbi və texniki avadanlıqlar yerləşəcək. Bundan əlavə, gəmi axtarış-xilasetmə (SAR) əməliyyatları və SAR mütəxəssislərinin təlimi üçün də tam şəkildə avadanlıqla təmin ediləcək.

