Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-14,
Seanews
Heyder Eliyev

“Wakashio” qəzası ilə bağlı araşdırma mühüm faktları üzə çıxarıb: mobil internet və içki faciəyə yol açıb

"MV Wakashio" gəmisinin Mavritaniyanın cənub-şərq sahillərində qəzaya uğrayaraq ölkə tarixinin ən böyük dəniz ekoloji fəlakətinə səbəb olmasından beş il sonra nəhayət ki, hadisə ilə bağlı Məhkəmə İstintaq Komissiyasının hesabatı ictimaiyyətə təqdim edilib.

"Seanews.az" xəbər verir ki, hesabatda səhlənkarlıq halları və institusional uğursuzluqların dərin miqyası açıq şəkildə göstərilir.

Hesabata əsasən, gəmi heyətinin mobil internet siqnalına çıxışa üstünlük verməsi qəzanın əsas səbəbi olub.

Araşdırma gəminin qəzaya uğramasına gətirib çıxaran digər bir sıra kritik səhvləri də müəyyən edib. Bunlara “region üçün irimiqyaslı dəniz xəritəsinin olmaması, Elektron Naviqasiya Xəritəsi (ENC) sistemində həddindən artıq yaxınlaşdırılmış kiçik miqyaslı xəritədən asılılıq və kapitanın idarə kabinəsində spirtli içki qəbul etməsi” daxildir.

Hesabatda ən diqqətçəkən məqamlardan biri kapitanın qəzadan əvvəl içki qəbul etməsi olub. O, gəmidə keçirilən doğum günü mərasimində “iki qədəh 40%-lik viski” içib, daha sonra idarə otağına qayıtdıqdan sonra da iki qədəh qəbul edib. Gəminin naviqasiya məlumatlarını yazan cihazı (VDR) kapitan, baş köməkçi və baş mühəndis arasında “telefon rabitəsi, internet çıxışı və içki” barədə söhbətləri qeydə alıb.

Hesabatda həmçinin bildirilir ki, kapitan mobil siqnal əldə etmək məqsədilə qəsdən Mavritaniyanın sahillərinə yaxınlaşmış, lakin hakimiyyət orqanlarını bu barədə məlumatlandırmamışdı. Gəmi sahildən cəmi 1,5 dəniz mili məsafədə olduqda təhlükə aydınlaşsa da, kapitan şirkətin prosedurlarına əsasən idarəni öz üzərinə götürməyib.

Fəlakətin miqyası yalnız heyətin səhvləri ilə məhdudlaşmayıb. Mavritaniyanın Milli Sahil Mühafizəsi gəminin təhlükəli trayektoriyasını radar vasitəsilə görsə də, müdaxilə etməməsi ilə kəskin tənqid olunur. Müxtəlif dövlət qurumları arasında zəif koordinasiya, gecikmiş və bəzən ziddiyyətli qərarlar qəzadan sonra həyata keçirilən tədbirləri xeyli ləngidib.

Gəmi qəzaya uğradıqdan sonra xilasedicilər onu sabitləşdirmək məqsədilə bölmələrdən birini dəniz suyu ilə doldursalar da, gövdədə çatlar əmələ gəlib. Nəticədə gəmi iki hissəyə bölünərək təxminən 1 000 ton ağır yanacağın dənizə axmasına və yerli dəniz ekosisteminin ciddi şəkildə zədələnməsinə səbəb olub.

Hesabatın açıqlanması ölkədə yeni hökumətin hakimiyyətə gəlməsindən cəmi 11 ay sonra baş verib. Əvvəlki hökumət araşdırmanın nəticələrini “həddindən artıq həssas” hesab edərək ictimaiyyətlə paylaşmaqdan imtina etmişdi.

Qəza ilə bağlı gəminin kapitanı Sunil Kumar Nandeshvar və baş köməkçisi Hitihamillage Subodha Janendra Tilakaratna artıq “Dəniz Ticarəti Qanunu”na əsasən özlərini təqsirli biliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır