Mersin limanında tarixi gün: 400 metr uzunluğundakı ultra-böyük konteyner gəmisi terminala uğurla yan alıb
Mersin Beynəlxalq Limanı (MIP) 880 metr uzunluğunda yeni inşası tamamlanmış "East Med Hub 2" (EMH2) terminalında 400 metrlik nəhəng konteyner gəmisi "MSC DITTE"-ni uğurla qarşılayaraq mühüm mərhələyə qədəm qoyub.
"Seanews.az" xəbər verir ki, tutumu 19 313 TEU olan gəminin limana gəlişi münasibətilə liman rəhbərliyi və yerli rəsmilərin iştirakı ilə mərasim təşkil olunub.
Mərasimdə çıxış edən MIP-in baş direktoru Ajay Kumar Singh limanın əldə etdiyi imkanlara diqqət çəkərək deyib: “Bu gün Mersin Beynəlxalq Limanı üçün tarixi gündür. "MSC DITTE"-nin limanımıza yan alması Mersinin dünya ticarətindəki güclü mövqeyini daha da möhkəmləndirən bir mərhələdir. 400 metrlik gəmilər qlobal tədarük zəncirinin əsas iştirakçılarıdır. Onlar daha çox yükgötürmə qabiliyyəti sayəsində logistikanın səmərəliliyini artırır və eyni zamanda karbon emissiyalarını azaldırlar.”
Singh əlavə edib ki, "EMH2" terminali yüksək tutumlu kranları, dərin körpüsü və rəqəmsal əməliyyat idarəetməsi sayəsində nəhəng gəmilərin təhlükəsiz şəkildə yan almasına şərait yaradır.
Singh qeyd edib ki, MIP 2007-ci ildən bəri Türkiyənin ən böyük konteyner limanlarından birinə çevrilib: “EMH2 ilə biz yalnız tutumumuzu artırmadıq, eyni zamanda Avropa, Yaxın Şərq, Afrika və Asiyanı birləşdirən strateji bir mərkəzə çevrildik. Türkiyənin qlobal ticarətdəki rəqabət qabiliyyətini gücləndirmək üçün sərmayələrimizi dayandırmadan davam etdirəcəyik.”
MSC-nin Mersin bölgə müdiri Uğur Tosuner Mersinin Türkiyənin dünyaya açılan qapısı olduğunu vurğulayaraq deyib: “19 313 TEU tutumlu "MSC DITTE" gəmimiz Qərbi Afrika və Uzaq Şərq bazarlarına birbaşa bağlantı təmin edəcək.”
Tosuner, həmçinin MSC-nin Cümhuriyyətin 100 illiyi münasibətilə dünyanın ən böyük gəmisinə “Türkiye” adını verdiyini xatırladaraq deyib: “Ümid edirəm ki, ‘MSC Türkiye’-ni də Mersində qəbul edəcəyik.”

