"MSC"-nin konteyner donanması 7 milyon TEU həddini keçib
Dünyanın ən böyük konteyner daşıyıcısı olan "Mediterranean Shipping Company" (MSC) rekordlarını bir-birinin ardınca yeniləməyə davam edir.
"Seanews.az" "Alphaliner" şirkətinin son məlumatlarına istinadən xəbər verir ki, Cenevrədə yerləşən bu nəhəng konteyner daşıyıcısının donanması 7 milyon TEU həddini keçib.
Hazırda şirkətin donanması ümumilikdə 7 002 757 TEU tutumuna malikdir. Üstəlik, "MSC"-nin sifarişdə olan yeni gəmiləri 2 milyon TEU-dan çox əlavə tutum təşkil edir.
Müqayisə üçün qeyd edək ki, "MSC-nin mövcud donanması "Maersk" və "Hapag-Lloyd" şirkətlərinin əsas şərq-qərb marşrutlarında yaratdığı “Gemini Cooperation” alyansının ümumi donanmasından daha böyükdür. Eyni zamanda, "MSC"-nin hazırkı donanması (sifarişdəki gəmilər istisna olmaqla) asiyalı daşıyıcılar – "Yang Ming", "HMM" və "Ocean Network Express" (ONE) şirkətlərinin daxil olduğu “Premier Alliance” qrupunun ümumi donanmasını da geridə qoyur.

