ABS-in yeni rəhbəri məlum olub
Dünyanın aparıcı təsnifat cəmiyyətlərindən biri olan "American Bureau of Shipping"in (ABS) Direktorlar Şurası Con McDonaldı şirkətin yeni rəhbəri seçib.
"Seanews.az" xəbər verir ki, o, gələn ildən qurumun Sədr və Baş icraçı direktoru (CEO) vəzifəsini icra edəcək.
Hazırkı Baş icraçı direktor Kris Vierniki bu ilin sonuna qədər vəzifəsində qalacaq və 14 illik fəaliyyətdən sonra istefaya çıxacaq.
Con McDonald 1996-cı ildə ABS-ə inspektor (surveyor) kimi qoşulub və illər ərzində təşkilatın həm Avropa, həm də Sakit okean bölmələrinə rəhbərlik edib.
O, Maine Dəniz Akademiyasında dəniz mühəndisliyi üzrə bakalavr təhsili alıb, daha sonra Texas A&M Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi qazanıb.
McDonald ABS-də fəaliyyət göstərdiyi müddətdə Qərb yarımkürəsi üzrə nəzarət əməliyyatları və qlobal biznesin inkişafı departamentlərinin baş vitse-prezidenti kimi mühüm vəzifələr tutub. Daha sonra o, əməliyyatlar üzrə baş direktor (COO) təyin edilib.

