Konteyner daşımalarında eniş dərinləşir: qış mövsümü çətin başlayır
Qlobal konteyner daşımaları bazarında eniş tendensiyası qış mövsümünə keçidlə daha da güclənir. Bazarla bağlı optimist açıqlamalar səslənsə də, iqtisadi göstəricilər real mənzərənin zəifləməyə doğru getdiyini göstərir.
"Seanews.az" "Alphaliner"in məlumatına əsasən bildirir ki, 2025-ci ilin üçüncü rübündə aparıcı daşıyıcıların gəlirləri ikinci rüblə müqayisədə artsa da, illik müqayisədə mənfəət təxminən 53% aşağı düşüb.
Ekspertlər ilin sonuna doğru nəticələrin daha da zəifləyə biləcəyini istisna etmir.
Beynəlxalq analitik mərkəz "MSI"-nin hesabatına əsasən, Transsakit, Asiya–Avropa və Transatlantik xəttlər üzrə yükləmə həcmləri növbəti rüblərdə də zəifləyəcək. Bunun fonunda yeni böyük tonnajlı gəmilərin istismara daxil olması təklifi artıracaq və bazar balansını daha da pozacaq. Eyni zamanda, utilizasiyaya yönəldilən tonnajın çox aşağı olması təklifin azalması prosesini ləngidir.
Həmçinin bildirilir ki, çarter bazarı əsas tendensiyadan kənarda qalır. Buna səbəb bazarda tonnaj çatışmazlığı və yüksək icarə tariflərinin qorunmasıdır. Bu görə köhnə gəmilərin utilizasiyaya getməsi də demək olar ki, baş vermir.
Bazar üçün yaxın perspektivdə dəyişiklik yarada biləcək məqam kimi ABŞ Ali Məhkəməsinin idxal rüsumları ilə bağlı gözlənilən qərarı göstərilir.
Analitiklərin fikrincə, rüsumların qismən yumşaldılması qısa müddətli ön yükləməni artıra bilər, lakin ümumi eniş trendini dəyişmək gücü zəifdir.
Ekspert rəyləri ümumi mənzərəni belə yekunlaşdırır: təklif artır, tələbat zəifləyir, tariflər aşağı istiqamətdədir. Daşıyıcıların bazardan güc çıxarmaqda tərəddüd etməsi isə vəziyyəti daha da ağırlaşdıra bilər.

