Türkiyə dənizçiləri artıq Panama və İsveç bayraqlı gəmilərdə çalışa biləcəklər
Türkiyə Dənizçilik Baş İdarəsi türk gəmiçilərinin beynəlxalq dənizçilik bazarındakı iştirakını genişləndirməyə yönəlmiş daha bir mühüm addım atıb.
"Seanews.az" xəbər verir ki, “Gəmi Adamlarının Təlimi, Sertifikatlaşdırılması və Növbə Standartları haqqında” STCW Beynəlxalq Konvensiyası çərçivəsində aparılan işlər nəticəsində Türkiyənin qarşılıqlı tanınma sazişi imzaladığı ölkələrin sayı 42-yə yüksəlib.
Rəsmi açıqlamaya əsasən, İsveç ilə imzalanmış anlaşma türk dənizçilərinə artıq İsveç bayrağı altında üzən gəmilərdə də çalışma imkanı yaradır. Bu addım xüsusilə Şimali Avropa dəniz daşımalarında yeni məşğulluq imkanları baxımından əhəmiyyətli qiymətləndirilir.
Türkiyənin növbəti strateji addımı isə Panama ilə atılıb. STCW Konvensiyasının I/10 qaydası çərçivəsində imzalanmış qarşılıqlı tanınma sazişi sayəsində türk gəmiçiləri Panama bayraqlı gəmilərdə də işləyə biləcəklər.
Panamanın qlobal dəniz nəqliyyatındakı rolunu və geniş donanmasını nəzərə alaraq, bu razılaşmanın türk dənizçiləri üçün mühüm məşğulluq və beynəlxalq təcrübə imkanları yaradacağı gözlənilir.

