Dənizçilikdə süni intellekt prosesi sürətlənib: rəqabətin yeni istiqaməti səmərəlilikdir
Süni intellekt sahəsindəki sürətli inkişaf və uyğunluqla yanaşı əməliyyat səmərəliliyini dəstəkləyən rəqəmsal alətlərin geniş yayılması bu il dənizçilik sektorunun rəqəmsallaşmasında ciddi sıçrayış yaradıb. Lakin sektorda baş verən dəyişikliklər təkcə yeni proqram təminatlarının tətbiqi ilə məhdudlaşmır.
Mühasibatlıq, daşınmaz əmlakın idarə edilməsi, nəqliyyat, hüquq, informasiya texnologiyaları və aktivlərin idarə olunması kimi sahələrdə süni intellekt əsaslı iri xidmət şirkətləri sürətlə yayılır. Startaplar və özəl investisiya fondları çoxsaylı pərakəndə xidmət təminatçılarını öz tərkibinə qataraq, onları vahid süni intellekt əməliyyat sistemləri altında birləşdirir. Nəticədə yaranan platformalar xərc, sürət, ardıcıllıq və gəlirlilik baxımından artıq ənənəvi şirkətləri geridə qoyur.
Dənizçilik sektoru da bu qlobal transformasiyadan kənarda qalmır. Pərakəndə struktur, insan əməyindən yüksək asılılıq və proseslərdəki fərqliliklər sektoru süni intellektə əsaslanan konsolidasiya üçün əlverişli edir.
Mütəxəssislərin fikrincə mesaj aydındır: sektor dəyişdikcə dənizçilik şirkətləri daha səmərəli və süni intellektlə işləyən platformaların kənarında qalmaq riskini almamaq üçün qarşılıqlı uyğun, rəqəmsal və avtomatlaşdırmaya əsaslanan strukturlara yönəlməlidir.
Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) “Xalis Sıfır” çərçivəsinin təxirə salınması sektorda diqqəti yenidən əsas əməliyyat prioritetlərinə yönəldib. Davamlılıq öz əhəmiyyətini qorusa da, təhlükəsiz əməliyyatlar, keyfiyyətli təlim və dənizçiləri real şəkildə dəstəkləyən rəqəmsal alətlər ön plana çıxır. Növbəti beş ilin süni intellekt dəstəyi ilə səmərəliliyin artırılması və gəmi ilə sahil arasında tam inteqrasiya ilə formalaşacağı gözlənilir. Bu isə inzibati işlərə ayrılan vaxtı azaldacaq, insan resurslarının təhlükəsizlik və xərclərə birbaşa təsir edən qərarlara fokuslanmasına imkan verəcək.
Vurğulanır ki, süni intellekt personalı əvəz etmək üçün deyil, onları dəstəkləmək və inzibati yükü azaltmaq məqsədilə istifadə olunacaq. Son bir ildə inkişaf edən rabitə infrastrukturu, yeni standartlar, "SIRE 2.0" və "RightShip" kimi çərçivələr sayəsində rəqəmsal həllərin ölçülə bilən və real investisiya gəliri yaratdığına inam artıb. Texnologiya real əməliyyat axınlarına uyğunlaşdıqda sektor tərəfindən sürətlə mənimsənildiyi müşahidə olunur.
2026-cı ilə yönəlik əsas məqsədin oflayn işləyə bilən sistemlər və həm gəmi, həm də sahil komandalarına tam görünürlük verən həllər vasitəsilə rəqəmsallaşmada geri qalmış şirkətlərin problemsiz şəkildə sistemə cəlb edilməsi olduğu bildirilir.
Qaydaların minimum standartları yüksəltməyə davam edəcəyi, lakin dönüşümü əslində sürətləndirən əsas amilin liderlik olacağı qeyd olunur. Ən yaxşı təcrübələrin paylaşılması, uğurlu nümunələrin görünən edilməsi və rəqəmsallaşmanın gündəlik əməliyyatlara verdiyi real töhfənin sübut edilməsi sektor üzrə dəyişimi hərəkətə gətirəcək.
Mütəxəssislər vurğulayır ki, 2026-cı ilə doğru rəqəmsal transformasiya artıq sənədlərin elektronlaşdırılması mərhələsini geridə qoyaraq iş proseslərinin avtomatlaşdırılmasına yönələcək. Süni intellekt texniki xidmətin planlaşdırılması, risklərin təhlili, daimi hazırlıq və insan amilləri üzrə görünürlüğü artırmaqla sürprizləri azaldan və planlaşdırma imkanlarını genişləndirən rol oynayacaq.
Qiymətləndirmələrə görə, dənizçilik sektoru dönüş nöqtəsindədir. Qarşılıqlı uyğun və süni intellekt dəstəklı biznes modellərini tətbiq edən şirkətlər irəli çıxacaq, əl ilə aparılan və qeyri-ardıcıl proseslərə söykənənlər isə rəqabət üstünlüyünü itirəcək. Sektor üçün seçim açıqdır: məlumat əsaslı, inteqrasiya olunmuş platformalara çevrilmək və ya bu dönüşümü artıq həyata keçirmiş strukturlarla birləşmək.

