“Disney Adventure” kruiz gəmisi Asiyaya çatdırılma marşrutu çərçivəsində ABŞ limanına daxil olub
“Disney Cruise Line” şirkətinə məxsus ultra-böyük “Disney Adventure” kruiz gəmisi Asiyaya çatdırılma marşrutu çərçivəsində ABŞ-ın Florida ştatında yerləşən Port Kanaveral limanına daxil olub.
"Seanews.az" xəbər verir ki, 208,108 qros tonlu gəmi yanvarın 15-də limana yan alıb və qısa müddətli dayanacaqdan sonra səfərini davam etdirərək Sinqapura yollanacaq. Sinqapur gəminin ilboyu baza limanı olacaq.
Gəminin uzunluğu 341 metr, eni 46 metrdir. Sərnişin tutumu təxminən 6 min 700 nəfər təşkil edir. Bununla da “Disney Cruise Line”, “Royal Caribbean” və “MSC Cruises” şirkətlərindən sonra 200 min qros ton həddini aşan kruiz gəmilərinə malik üçüncü kruiz şirkəti olub.
“Disney Adventure” texniki baxımdan metanol istifadəsinə hazırdır. Gəminin istismarı zamanı aşağı emissiyalı və dayanıqlı yanacaqlardan istifadə olunacağı bildirilir.

