“Posidonia 2026” bir aylıq qlobal gəmiçilik tədbirinə çevrilir
Dünyanın ən məşhur gəmiçilik sərgilərindən biri olan Posidonia yeni rekord müəyyənləşdirir. 2026-cı ildə Posidonia sərgisi demək olar ki, bir ay davam edəcək tədbirlər silsiləsi ilə təşkil olunacaq və bununla da dünyanın ən uzunmüddətli gəmiçilik toplantısına çevriləcək.
“Seanews.az” xəbər verir ki, ənənəvi olaraq 1–5 iyun tarixlərini əhatə edən Posidonia Həftəsi əvvəlki formatını qorusa da, rəsmi tədbirlər mayın əvvəlindən başlayacaq.
Afinada yerləşən “Metropolitan Expo” sərgi mərkəzindəki 50 min kvadratmetrlik sərgi sahəsi aylar əvvəl tam satılıb. Tədbirdə 140-a yaxın ölkədən minlərlə şirkət və ziyarətçinin iştirakı gözlənilir.
“Posidonia Exhibitions” şirkətinin icraçı direktoru Teodor Vokos bildirib ki, sərginin əhatə dairəsi ildən-ilə genişlənir və biznes fəaliyyətləri artıq təkcə sərgi günləri ilə məhdudlaşmır. “Posidonianın iqtisadi və biznes təsiri artıq rəsmi açılışdan təxminən üç həftə əvvəl başlayır. Konfranslar, görüşlər və sənaye tədbirləri getdikcə daha erkən tarixlərə planlaşdırılır və bu da ümumi vaxt çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirir,” – deyə Vokos vurğulayıb.
Sərgi və konfranslarla yanaşı, Posidonia qlobal dənizçilik ictimaiyyəti üçün genişmiqyaslı sosial platformaya çevrilməkdə davam edir. Tədbir çərçivəsində sərgidən öncə idman həftəsonu yenidən təşkil olunacaq. Proqrama “Posidonia Games”, yelkənli qayıq yarışları, futbol, basketbol, qolf və qaçış tədbirləri daxildir.
2026-cı il üçün yeni tədbir isə Afinanın mərkəzindən Sounion burnuna qədər uzanan uzunməsafəli velosiped yürüşü olacaq. Bu tədbirə təxminən 300 iştirakçının qatılması gözlənilir.

