Kopenhagen döyüşünün əfsanəvi flaqman gəmisi 225 ildən sonra tapıldı
Dəniz arxeoloqları Kopenhagen limanının dibində Danimarka hərbi donanmasına məxsus məşhur flaqman gəmisinin qalıqlarını aşkar ediblər. Bu tapıntı İkinci Koalisiya Müharibəsinin və 1801-ci il Kopenhagen döyüşünün ən mühüm tarixi sübutlarından biri hesab olunur.
“Seanews.az” xəbər verir ki, həmin döyüş Admiral Horatsio Nelsonun ən parlaq qələbələrindən biri kimi tarixə düşüb. Belə ki. Nelsonun qarşısında duran əsas vəzifə Kopenhagen limanını nəzarətə götürmək və Danimarka vəliəhd şahzadəsini yeni yaradılmış "Silahlı Neytrallıq Liqası"ndan çıxmağa məcbur etmək idi. Rusiya, Danimarka, Norveç, Prussiya və İsveç arasında formalaşan bu dəniz ittifaqı Britaniyanın Fransa ilə müharibə şəraitində dəniz yolları üzərindəki hegemonluğuna ciddi təhlükə yaradırdı.
Tarixi mənbələrə görə, döyüş zamanı 12 Britaniya xətt gəmisi Danimarka donanmasına hücum edib. Nelson öz gəmilərini rəqibə çox yaxın məsafədə yerləşdirərək dörd saat ərzində fasiləsiz top atəşi həyata keçirib. Admiral Parkerin geri çəkilmək əmrinə tabe olmayaraq döyüşü qələbəyədək davam etdirən Nelsonun bu addımı hərb tarixində məşhur hadisə kimi qalmaqdadır. Gərgin döyüşlər nəticəsində Danimarka donanması məğlubiyyəti qəbul edib və tərəflər arasında atəşkəs razılığı əldə olunub.
Döyüşün ən dramatik anı isə Danimarkanın flaqman gəmisi "Dannebroge"nin alovlanması ilə yaşanıb. Partlayış nəticəsində gəmi suya qərq olub, 50-dən çox heyət üzvü həyatını itirib. Gəminin qalıqları 225 il boyunca dənizin dibində, çoxsaylı top və mərmilərin əhatəsində gizli qalıb. Lakin bu il Kopenhagendə planlaşdırılan “Lynetteholm” yaşayış rayonunun inşası öncəsi aparılan arxeoloji kəşfiyyat işləri zamanı itmiş gəminin qalıqları nəhayət üzə çıxarılıb.
Danimarka Vikinq Gəmiləri Muzeyinin qazıntı rəhbəri Otto Uldum bildirib ki, tapılan taxta hissələrin ölçüləri gəminin 1772-ci ilə aid tarixi cizgiləri ilə tamamilə üst-üstə düşür. Bu fakt tapıntının məhz "Dannebroge" olduğuna dair mütləq əminlik yaradır.

