Okean yaşayış mühiti sınaqları: Heyətin həftələrlə su altında qalması hədəflənir
Böyük Britaniyanın "DEEP Institute" okean texnologiyaları şirkəti tədqiqat heyətlərinin su səthinə çıxmadan həftələrlə okean dibində qalmasını təmin etmək üçün Florida-Kis adaları yaxınlığında "Vanguard" modulyar yaşayış sistemini sınaqdan keçirməyə hazırlaşır.
“Seanews.az” xəbər verir ki, mövcud avadanlıq və şəraitlə dalğıcların su altında qalma müddəti maksimum altı saatdırsa, bu yeni yaşayış mühiti dekompressiya (təzyiqin pilləli azaldılması) ehtiyacını aradan qaldırır. Yəni “Vanguard” sistemi suyun altında bir "ev" kimidir, orada təzyiq elə tənzimlənir ki, dalğıc dənizdən evə girəndə dekompressiya mərhələsi lazım olmur. Sınaqlar 18 metr dərinlikdə aparılacaq.
Bundan əlavə, DEEP “saturation” (qazla doyma) dalğıc təlimləri üçün dünyanın ikinci qapalı zəng kamerasını inşa edir. Bu hiperiodik qurğu isə kommersiya dalğıcları üçün suyun altındakı təzyiqi süni şəkildə yaradır.
Dalış meneceri Mark Hamiltonun sözlərinə görə, hazırda dünyada belə bir təlim qurğusu yalnız Tasmaniyada mövcuddur: “Buna görə də, DEEP-in öz qapalı zəng təlim mərkəzini inkişaf etdirməsi tamamilə məntiqlidir.”

