Dünyanın ən təhlükəli batığı üçün hərəkətə keçildi: "Partlayan gəmi"nin dirəkləri kəsilir
Böyük Britaniya hökuməti altı illik planlaşdırma və mütəmadi tədqiqatlardan sonra La-Manş boğazında, Temza çayının mənsəbində yerləşən məşhur "SS Richard Montgomery" batığının dirəklərini kəsmək üçün xilasetmə şirkətini rəsmən seçib. İkinci Dünya Müharibəsinə aid və 1944-cü ildə qəzaya uğrayan bu "Liberty" tipli yük gəmisi onilliklərdir turistlərin maraq dairəsində olsa da, böyük bir təhlükə mənbəyi hesab edilir.
“Seanews.az” xəbər verir ki, gəminin anbarlarında hələ də təxminən 1400 ton partlayıcı sursat var və çürüməkdə olan dirəklərin gəminin gövdəsinə aşması kütləvi partlayış riskini gündəmə gətirib.
Britaniya Nəqliyyat Departamenti əməliyyatın icrasını bu sahədə qlobal təcrübəyə malik "Resolve Salvage" şirkətinə həvalə edib. Müqavilə şərtlərinə görə, 2027-ci ilin mart ayına qədər davam edəcək bu olduqca həssas əməliyyat çərçivəsində suyun üzərində görünən üç dirək hissə-hissə kəsilərək çıxarılacaq.
135 metr uzunluğundakı gəmi dəniz dibində iki hissəyə bölünüb və sahilə cəmi 2,5 kilometr məsafədə yerləşir. Mütəxəssislər gəminin gövdəsinin çıxarılmasının qeyri-mümkün olduğunu bildirsələr də, dirəklərin kəsilməsini partlayışın qarşısını almaq üçün yeganə çıxış yolu kimi görürlər.
Bu arada, yerli sakinlər çıxarılacaq dirəklərin dənizçilik irsi kimi muzeydə nümayiş etdirilməsi üçün artıq petisiyaya başlayıblar, lakin hökumət hələ ki, bu barədə yekun qərar verməyib.

