Jurnalist 5 dollarlıq “Bluetooth” izləyicini poçtla göndərməklə Niderland freqatını izləyib
Son dövrlərdə hərbi dəniz qüvvələrində əməliyyat təhlükəsizliyi (OPSEC) boşluqlarının artması bahalı müdafiə sistemlərinin ucuz texnologiyalar qarşısında həssaslığını üzə çıxarıb. Niderlandın "Omroep Gelderland" yayım şirkətinin jurnalisti cəmi 5 dollarlıq "Bluetooth" izləyici yerləşdirilmiş poçt kartını "HNLMS Evertsen" freqatına göndərməklə hərbi gəminin yerini təsbit edə bilib.
“Seanews.az” xəbər verir ki, Aralıq dənizində Fransanın "Charles de Gaulle" aviadaşıyıcı qrupunun tərkibində fəaliyyət göstərən freqata göndərilən bu bağlama hərbi poçt qaydalarındakı boşluqdan keçərək gəmiyə çatıb. Məlum olub ki, hərbi bağlamalar rentgen skanından keçirilsə də, zərflər yoxlanılmır. İzləyici vasitəsilə gəminin Den Helder bazasından Krit adasına, oradan isə Kipr sahillərinə qədər olan marşrutu 24 saat ərzində xəritələndirilib. Hadisədən sonra Niderland Müdafiə Nazirliyi poçt qaydalarına yenidən baxmağa başlayıb və içində batareya olan təbrik kartlarını qadağan edib.
Eyni vaxtda bənzər bir təhlükəsizlik boşluğu Fransa hərbi dəniz qüvvələrində də qeydə alınıb. "Le Monde" qəzeti gənc bir dənizçinin "Strava" idman tətbiqindən istifadə etməsi nəticəsində "Charles de Gaulle" aviadaşıyıcısının koordinatlarını izləyə bilib. Smartfon tətbiqi vasitəsilə sızan məlumatlar hərbi gəminin Türkiyə və Kipr sahilləri yaxınlığındakı mövqeyini ifşa edib.
Bu hadisələr müasir dövrdə hətta kiçik rəqəmsal izlərin və bəsit texnoloji cihazların ən yüksək səviyyədə qorunan hərbi obyektlərin məxfiliyini necə təhlükəyə ata biləcəyini göstərən mühüm nümunələrdir.

