Birinci Dünya Müharibəsində itmiş ABŞ hərbi gəmisi 108 ildən sonra tapıldı
Texniki dalğıclardan ibarət komanda Birinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük itkisi hesab olunan "USCGC Tampa" gəmisinin qalıqlarını aşkar edib.
"Seanews.az" xəbər verir ki, müharibənin son həftələrində La-Manş boğazında bütün heyəti ilə birlikdə batan 190 futluq (58 metr) sahil mühafizə kateri bir əsrdən artıq idi ki, dənizin dibində itmiş sayılırdı. 1912-ci ildə suya salınan gəmi ABŞ-nin 1917-ci ildə müharibəyə qoşulması ilə Sahil Mühafizəsinin tərkibində dəniz konvoylarını müşayiət etmək üçün Cəbəllütariq boğazı yaxınlığındakı "təhlükəli zonaya" göndərilmişdi. Xidmət müddətində 400-dən çox mülki gəminin təhlükəsizliyini təmin edən "Tampa" 1918-ci il sentyabrın 26-da yanacaq doldurmaq üçün konvoydan ayrılaraq təkbaşına limana doğru hərəkət edərkən Almaniyanın "UB-91" sualtı qayığı tərəfindən hədəf alınıb. Torpeda zərbəsi nəticəsində gəmi cəmi üç dəqiqə ərzində batıb və 131 heyət üzvünün hamısı həlak olub.
Üç il əvvəl Böyük Britaniyanın "Gasperados" dalğıc komandası itmiş gəminin axtarışına başlamaq üçün ABŞ Sahil Mühafizəsinə müraciət edib. Qurum tərəfindən təqdim olunan arxiv sənədləri, göyərtə avadanlıqlarının və silahların texniki məlumatları sayəsində axtarışlar uğurla nəticələnib. Gəminin qalıqları Nyukveydən təxminən 50 mil uzaqlıqda, 100 metrə yaxın dərinlikdə aşkar edilib. Bu qədər böyük dərinliyə görə əraziyə giriş yalnız xüsusi texniki dalğıc sistemləri ilə mümkün olub.
Hazırda ABŞ Sahil Mühafizəsi əraziyə tam təchizatlı tədqiqat missiyası göndərməyi planlaşdırır. Bu missiya çərçivəsində gəminin qalıqlarını daha dərindən araşdırmaq üçün avtonom və məsafədən idarə olunan sualtı aparatlardan istifadə ediləcək.

