Beynəlxalq Xalça Festivalının iştirakçıları gəmi-muzeyi ziyarət ediblər - VİDEO
Beynəlxalq Xalça Festivalının iştirakçıları ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində qonaqlara muzey haqqında ətraflı məlumat təqdim olunub. Bildirilib ki, “Suraxanı” tankerinin gəmi-muzeyə çevrilməsi zamanı Böyük Britaniya, Niderland və Türkiyə kimi zəngin gəmiçilik ənənələrinə malik ölkələrin təcrübəsindən yararlanılıb. Layihənin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsi məqsədilə 100-dən çox nüfuzlu yerli və xarici şirkətlə əməkdaşlıq edilib.
Daha sonra ziyarətçilər Azərbaycan və dünya gəmiçilik tarixini, eləcə də dənizçilik ənənələrini əks etdirən ekspozisiya zalları ilə yaxından tanış olublar. Muzeydə nümayiş olunan eksponatlar, zalların qeyri-adi memarlıq həlli və tətbiq edilən innovativ yanaşmalar qonaqların xüsusi marağına səbəb olub.
Qeyd edək ki, 1–3 may tarixlərində Bakıda keçirilən Beynəlxalq Xalça Festivalında Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən xalçaçılar, istehsalçılar, sənət nümayəndələri və sahə üzrə mütəxəssislər iştirak ediblər. Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn iştirakçılar öz təcrübələrini bölüşüb, xalça sənayesinin beynəlxalq bazara çıxışı və əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

