Dünyanın ən böyük yelkənli yaxtası satılır
"Amazon"un qurucusu Ceff Bezosun 500 milyon dollar dəyərindəki məşhur "Koru" meqayaxtasını satışa çıxardığı bildirilir. Məlumata görə, milyarderin bu qərarına səbəb gəminin həddindən artıq tanınması və diqqət mərkəzində olmasıdır.
"Seanews.az" xəbər verir ki, 127 metr uzunluğundakı üçdorlu bu yaxta burnundakı Lauren Sançes Bezosun qızıl işləməli taxta büstü və nəhəng yelkən planı ilə dünyanın ən fərqli gəmilərindən biri hesab olunur.
"Koru" adətən helikopter meydançası ilə təchiz olunmuş 75 milyon dollarlıq "Abeona" dəstək gəmisi ilə birlikdə hərəkət edir. Meqayaxtanın nəhəng ölçüləri onun üçün bəzi çətinliklər də yaradır: illik texniki xidmət xərcləri on milyonlarla dollar təşkil edir və gəmi böyük olduğu üçün bir çox özəl yaxta terminallarına daxil ola bilmir. Bu səbəbdən "Koru" tez-tez elit klubların yaxınlığında deyil, yük gəmilərinin dayandığı liman ərazilərində müşahidə olunur.
Gəminin inşası zamanı Rotterdamdakı tarixi Koninqshaven körpüsündən keçid məsələsi də böyük qalmaqala səbəb olmuşdu. Dorları ilə birlikdə körpünün altından keçə bilməyən gəmi üçün körpünün sökülməsi təklif edilsə də, yerli sakinlərin kəskin etirazından sonra yaxta dorları quraşdırılmadan gizli şəkildə ərazidən çıxarılmış və dorlar sonra başqa yerdə quraşdırılmışdı.

