Seyşel adaları süni rif yaratmaq üçün istismardan çıxarılmış patrul gəmisini batırıb
Hind okeanının qərbində yerləşən Seyşel adaları arxipelaqı istismardan çıxarılmış "PS Topaz" patrul gəmisini süni rif və sualtı dalğıc mərkəzinə çevirərək bölgəyə daha çox turist cəlb etməyi hədəfləyir.
“Seanews.az” xəbər verir ki, ölkənin Sahil Mühafizəsinə iyirmi il xidmət etdikdən sonra mayın 9-da rəsmi mərasimlə batırılan gəminin dəniz ekologiyasına və davamlı turizmə töhfə verəcəyi gözlənilir.
46 metr uzunluğundakı bu gəmi ilk olaraq Hindistan Hərbi Dəniz Qüvvələri üçün sürətli hücum kateri kimi inşa edilib və iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədilə 2005-ci ildə Seyşel adalarına hədiyyə olunub.
"PS Topaz" Seyşel adalarının eksklüziv iqtisadi zonasında piratçılıqla mübarizə, narkotik qaçaqmalçılığı və qanunsuz balıq ovunun qarşısının alınması kimi bir çox missiyalarda, xüsusən 2008–2010-cu illərdə Somali piratlarının böhranı zamanı yerli və xarici balıqçıların xilas edilməsində tarixi rol oynayıb. Gəminin sonuncu böyük əməliyyatı isə 2024-cü ilin yanvarında girovların xilas edilməsi missiyası olub.
Seyşelin müstəqilliyinin 50 illik yubileyi tədbirləri çərçivəsində balansdan silinən gəmi ümumi daxili məhsulunun təxminən 46,6 faizini turizmdən əldə edən ölkə üçün yeni dənizaltı cazibə mərkəzi olacaq. Hindistan hökuməti illər ərzində Seyşel adalarına "PS Constant", "PS Zoroaster" və "PB Boudeuse" kimi digər patrul gəmiləri və hərbi təyyarələr də hədiyyə edib.

