Itajai limanı 133 il əvvəl batmış gəminin çıxarılmasına başlayır
Braziliyanın Itajai limanı 130 ildən çoxdur giriş kanalında qalan “Pallas” adlı batmış gəminin qalıqlarının çıxarılması layihəsinə başlayıb. Məqsəd kanalın dərinləşdirilməsi və daha iri gəmilərin limana girişinin təmin olunmasıdır.
“Seanews.az” xəbər verir ki, “Pallas” gəmisi 1891-ci ildə İngiltərədə inşa edilib, daha sonra Braziliya donanmasına daxil olub və 1893-cü ildə Federalistlər İnqilabı zamanı batırılıb.
Batığın Itajai çayında, liman girişində yerləşməsi illərdir kanalın dərinləşdirilməsinə mane olur. Limanın hazırkı dərinliyi 14 metrdir və bu göstəricinin 16 metrə çatdırılması nəzərdə tutulur.
Rəsmilər bildirirlər ki, batığın çıxarılması həm iri gəmilərin qəbulunu asanlaşdıracaq, həm də manevr təhlükəsizliyini artıraraq əməliyyat səmərəliliyini yüksəldəcək və logistika xərclərini azaldacaq. Layihənin dəyəri təxminən 12,8 milyon dollardır.
Ümumi modernizasiya layihəsi federal hökumət tərəfindən maliyyələşdirilir və dərinləşdirmə işləri, yeni körpü və kruiz gəmiləri üçün terminal tikintisini də əhatə edir.

