Robototexnika sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri gəmi-muzeyi ziyarət ediblər
Dünyanın tanınmış robototexnika şirkətlərindən olan “Unitree Robotics”in Cənubi Qafqaz üzrə meneceri Li Yinjiang, “Xbot Az” şirkətinin təsisçisi Tan Go-Lun, həmtəsisçisi Xu Shuangshua və şirkətin direktoru İmamir Mirzoyeva ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Qonaqlara dünyanın ilk tanker-muzeyi olan “Suraxanı”nın yaranma tarixi, Azərbaycan dənizçiliyinin inkişaf mərhələləri, ölkəmizin gəmiçilik ənənələri, həmçinin burada nümayiş etdirilən nadir eksponatlar, tarixi sənədlər və fotoşəkillər barədə ətraflı məlumat verilib.
Ziyarətçilər muzeydə tətbiq edilən müasir texnoloji həllər, artırılmış reallıq sistemləri, interaktiv ekspozisiyalar və multimedia qurğuları ilə yaxından tanış olublar.
Onlara həmçinin ASCO-nun son illərdə həyata keçirdiyi innovativ və texnoloji layihələr, eləcə də gənclər arasında robototexnika sahəsinə marağın artırılmasına yönəlmiş təşəbbüslər barədə məlumat verilib. Bildirilib ki, ASCO innovasiya və texnologiyaların təşviqi istiqamətində müxtəlif layihələrin icrasında fəal iştirak edir.
Ziyarətin sonunda qonaqlar muzey haqqında təəssüratlarını bölüşərək, “Suraxanı” gəmi-muzeyinin zəngin ekspozisiyasını və innovativ yanaşmasını yüksək qiymətləndiriblər.

