ASCO qan donorluğuna dəstəyə görə təltif olunub
Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi müxtəlif təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən ASCO növbəti dəfə təltifə layiq görülüb.
Ümumdünya Qan Donoru Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən təşkil olunan tədbirdə ASCO qan donorluğunun təşviqi və bu sahədə göstərdiyi davamlı dəstəyə görə xüsusi mükafatla təltif edilib.
ASCO-da qanvermə aksiyası artıq ənənəyə çevrilib. Hər il təşkil olunan aksiyalar çərçivəsində əməkdaşlar könüllü olaraq donor olur, ehtiyacı olan insanların müalicəsinə dəstək göstərir və həyatlara ümid bəxş edirlər.
Bu il keçirilən qanvermə aksiyasında da dənizçilər fəal iştirak edərək talassemiya, hemofiliya, leykoz və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə könüllü donor olublar.
ASCO gələcəkdə də insan sağlamlığına və cəmiyyətin rifahına töhfə verən layihələri dəstəkləməyi, sosial həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.

