Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

htəşəm İsve

Çarli Çaplinin sevimli şəhəri – Veve Cenevrə gölü regionunu həm də İsveçrə Rivyerası adlandırırlar. Bu yerlərdə səyahət etmək adama ancaq zövq verir. Göl boyunca şəhərlər bir-birini əvəzləyir. Yəni Lozannada keçirdiyiniz günün səhərisi Veveyə, ertəsi gün isə Montreyə yollana bilərsiniz. Lozanna ilə Veve arasında məsafə cəmi 26 kilometrdir. Budur artıq heyrətamiz arxitektura və təbiətlə görüşə yollanmağa, dünyada ilk Qida Muzeyinə və Çarli Çaplinin ömrünün son 25 ilində yaşadığı malikanəyə getməyə hazır vəziyyətdə Vevenin əsas vağzalının vestibülündə dayanmışıq. Fermer bazarı, gəmilər və ilham mənbəyi Veve kiçik kurort şəhəridir. Buranın ab-havası qayğısız şəkildə gəzib-dolaşmaq istəyi yaradır. Vağzalyanı Plas-de-la-Qar meydanından Qran-Plas və körpüyə tərəf hərəkət edirik. Addımbaşı qarşımıza qədim abidələr, muzeylər, çoxsaylı mağazalar və sənətkar məmulatının satıldığı suvenir dükanları çıxır. Daş döşənmiş ensiz küçələrdə dolaşaraq baharın bihuşedici ətrini uduruq və mərkəzi meydana çıxırıq. Çərşənbə axşamları və şənbə günləri burada fermer bazarları təşkil edilir. Bu gün çərşənbə axşamının səhəridir. Odur ki, satıcı və alıcıların vurnuxduğu ticarət cərgələrinin əlindən iynə atsan yerə düşməz. Hər tərəfdə çiçəklər, meyvə-tərəvəz, məşhur İsveçrə pendiri, təzə balıq, əntiq mallar, suvenirlər və s. qoyulmuş rəngarəng piştaxtalar var. Burada həm yerli, həm də xarici mallar satılır. Məsələn, afrikalılar ekzotik meyvələr, Yaxın şərqli qonaqlar ədviyyat, hindlilər isə yerindəcə hazırladıqları milli yeməklərini təklif edirlər. Bələdçimizin sözlərinə görə, şənbə günləri burada alverlə yanaşı, şeypur və Alp sümsülərinin (musiqi aləti) sədaları altında xalq kollektivlərinin çıxışları olur. Qrand-Plasdan şərqdə, İsveçrə Fotoaparat Muzeyinin arxasında gözəl seyrəngah başlayır. Köks dolusu nəfəs alırıq. Axı Avropanın ən gözəl kurort regionlarından birində – Alp dağlarının qarlı zirvələrinin əhatəsində yerləşən Cenevrə gölünün sahilindəyik! Burada hava tərtəmiz, gölün suyu dumdurudur. Sahilin yanında qu quşları dəstə ilə dövrə vuraraq istirahət edənlərin onlara yem verməsini gözləyir. Şəhərin sakinləri və qonaqları bu quşları yemlədikləri üçün onlar insanlara çoxdan alışıblar və onlarla birlikdə maraqlı fotoşəkillər çəkdirməkdən çəkinmirlər. Yeri gəlmişkən, bu kurort idilliyasını bəzən toy karvanının getdiyini xəbər verən avtomobil siqnallarının səsi pozur. Belə bir hadisənin şahidi olsanız, əsla təəccübləməyin. Sən demə, İsveçrədə toyu lap Azərbaycandakı kimi qeyd etmək – gəlin maşınlarını lent və şarlarla bəzəmək, ucadan siqnal vermək adəti var. Fransızların Leman gölü adlandırdığı Cenevrə gölü gəmiçilik üçün münasibdir. Göldə sərnişin daşımalarını 1873-cü ildə yaradılmış İsveçrə gəmiçilik şirkəti həyata keçirir. Onun donanmasına hələ XX əsrin əvvəllərində inşa edilmiş azı səkkiz orijinal təkərli gəmi daxildir. Bu gəmilərdə İsveçrə Rivyerası boyu səyahət etməklə bərabər, iki addımlıqda yerləşən qonşu Fransaya da baş çəkmək olar. Fransanın gölün cənub sahilində yerləşən yaşayış məntəqələri, o cümlədən “Evia” mineral bulaqları ilə şöhrət qazanmış Evian-le-Ben şəhəri Vevedən aydın görünür. İsveçrə Rivyerasının yamyaşıl olması, onun mülayim günəşli iqlimi və tərtəmiz havası təkcə istirahət deyil, həm də ilham mənbəyidir. Təsadüfi deyildir ki, bu region əsrlərdən bəri dünyanın hər yerindən yaradıcı insanları özünə cəlb edir. Vaxtilə Nikolay Qoqol “Ölü canlar” romanı üzərində işləmək üçün bura gəlib. Bunu onun Vevedə, gölün sahilindəki abidəsi də təsdiq edir. Bir az sonra qarşımıza daha bir tanış siluet çıxır: başına silindr şlyapa qoymuş, əlində əsa tutmuş qəribə məzəli adam. Bu, ailəsi ilə birlikdə Vevedə məskunlaşan və ömrünün son 25 ilini burada yaşayan Çarli Çaplinin boyu bərabərində olan abidəsidir. Onun barəsində bir az sonra danışacağıq. İsveçrə mətbəxinin tarixi, işıq və rəssamlıq Diqqətimizi qeyri-adi installyasiya çəkir: Çenevrə gölünün sularından dik çıxan nəhəng süfrə çəngəli. İsveçrəli heykəltəraş Jan-Pyer Zauqqun əsəri olan bu orijinal art-obyekt “Alimentarium” Qida Muzeyinin qarşısındadır. Paslanmayan poladdan hazırlanmış 8 metrlik çəngəl 1995-ci ildə əvvəlcə muzeyin 10 illiyi münasibəti ilə müvəqqəti eksponat kimi burada quraşdırılıb və bir ildən sonra sökülüb. Ancaq 2008-ci ildə imza toplandıqdan və ictimai müzakirələr aparıldıqdan sonra çəngəli yenə də əvvəlki yerinə qaytarıblar. İndi o, Vevenin ən tanınan rəmzidir. Yeri gəlmişkən, Vevedə Qida Muzeyi də təsadüfən peyda olmayıb. Bu muzey qərargahı Vevedə yerləşən “Nestle” şirkəti tərəfindən 1985-ci ildə yaradılıb. Almaniyalı əczaçı Henri Nestl 1839-cu ildə Veveyə köçüb və Anri Nestle adını qəbul edib. O, 1867-ci ildə quru süd hazırlanması üsulunu kəşf etməklə, dünya qida sənayesinin ən iri şirkətlərindən birinin əsasını qoyub. “Alimentarium” muzeyi qida istehsalı, emalı, hazırlanması və istehlakı proseslərinə həsr olunmuş daimi ekspozisiya təqdim edir. Ekspozisiya qidalanmanın müxtəlif aspektlərini əks etdirir və daim bir-birini əvəzləyən interaktiv sərgilər, kulinariya dərsləri və “Nestle” şirkətinin tarixini əks etdirən, onun məhsulları barədə məlumat verən sərgi ilə tamamlanır. Onu da deyək ki, ötən il “Nestle” şirkəti Vevedə daha bir kompleksin – 3 min kvadratmetrdən çox ərazidə yerləşən nestin açılışı ilə özünün 150 illiyini qeyd edib. Bu kompleksi bir növ uşaqlar və böyüklər üçün interaktiv muzey də adlandırmaq olar. Nest Anri Nestlenin bir vaxtlar südəmər uşaqlar üçün məşhur qidanı hazırladığı məkanda yerləşir. Ekskursiyaya gələnlər şirkətin tarixi, onun “Cailler” şokoladı, “Maggi” ədviyyatı və “Thomy” mayonezi kimi məhsulları ilə tanış olurlar. Burada aktual mövzular, məsələn, sağlam həyat tərzi, düzgün qidalanma və ya istehsal prosesində sudan və digər təbii ehtiyatlardan səmərəli istifadə məsələləri müzakirə edilir. Kompleksə böyük istirahət salonu, mini uşaq fabriki, kafe, suvenir mağazası, habelə Anri Nestlenin ofis kimi istifadə etdiyi ev daxildir. Mövzunun davamı olaraq, bir-iki kəlmə Vevenin daha bir maraqlı muzeyi – bir qədər əvvəl xatırlatdığımız İsveçrə Fotoaparat Muzeyi barədə danışmaq istəyirəm. Muzey fotoqrafımızı heyran qoydu. Axı burada XIX əsrdən tutmuş zəmanəmizə qədər mövcud olan unikal fotoaparat və foto ləvazimatı kolleksiyası toplanıb. Muzeydə obyektlərin optik təsvirini almağa imkan verən qurğunun – obskur kamerasının köməyi ilə “işıq rəssamlığı” üzrə ilk eksperimentlərin necə aparıldığını və ya sonralar kinonun yaranmasına gətirib çıxaran ilk animasiyalaşdırılmış təsvirlərin necə yaradıldığını görmək olar. Muzeyin keçmişlə indinin harmonik vəhdət təşkil edən çox gözəl daxili arxitekturası, çoxsaylı izahatlar, interaktiv displeylər və video proyeksiyaları onsuz da maraqlı olan bu ekspozisiyanı daha da cəlbedici edir. “Çaplin dünyası”na səyahət Çarli Çaplin yaradıcılığını bizim kimi məxsusi öyrənməyən insanlar bu böyük komikin uzun illər Cenevrə gölünün sahilində – Veve şəhərində yaşadığını öyrənəndə təəccüblənəcəklər. Bəs Hollivud ulduzu, amerikalıların sevimlisi necə olub ki, İsveçrəyə gedib çıxıb? Bu əhvalatın kədərli notları var. Əvvələn, Çarli Çaplin heç də amerikalı deyildir. O, İngiltərədə anadan olub və boya-başa çatıb. ABŞ-a 1910-cu ildə artıq aktyor kimi gəlib və qısa müddətdə fenomenal şöhrət qazanıb. Üstəlik, Çaplin heç vaxt ABŞ vətəndaşı olmayıb. 1940-cı illərin sonu və 1957-ci il arasındakı dövrdə ABŞ-da antikommunist əhval-ruhiyyə qızışırdı. Çaplini Amerika əleyhinə fəaliyyətdə ittiham etməyə və ondan gizli kommunist kimi şübhələnməyə başlayırlar. Bu işdə onun yeni sənaye cəmiyyətində salamat qalmağa çalışan Balaca Avara ekran obrazı da az rol oynamayıb. Federal Təhqiqatlar Bürosunun başçısı Edqar Quver hələ 1930-cu illərdən Çaplin barəsində toplanan dosyeni davam etdirmək işini fəallaşdırmaq göstərişi verir. O, aktyoru ölkədən çıxarmağa çalışırdı. Çaplin “Səhnə işıqları” filminin dünya premyerasında iştirak etmək üçün 1952-ci ilin sentyabrında Londona gedir. E.Quver fürsətdən istifadə edib, aktyorun ölkəyə qayıtmasının immiqrasiya orqanları tərəfindən qadağan edilməsinə nail olur. Beləliklə, Çaplin Avropaya qayıdır və İsveçrənin Veve şəhərində məskunlaşır. O, 1977-ci ildə vəfat edənə qədər burada yaşayır. Ötən əsrin 70-ci illərində ABŞ-da Çaplinə münasibət dəyişir. Ona hətta “Oskar” mükafatı təqdim edirlər. Amma ötən günlərin ağır təəssüratı qalır. Çarli Çaplinin Vevedə xanımı və 8 uşağı ilə birlikdə yaşadığı Manuar-de-Ban malikanəsində (“Qovulmuş adamın malikanəsi”) 2016-cı ildə səssiz kino kralının muzeyi açılıb. Muzeydə böyük komikin şəxsi əşyalarını, fotoşəkillərini, əlyazmalarını, ailə arxivindən bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən materialları görmək olar. Malikanənin geniş parkla əhatə olunmuş ərazisindəki yeni binalarda onun yaradıcılığından söz açan eksponatlar təqdim edilib. Çaplin qəhrəmanlarının mum fiqurları, habelə onun filmlərindən ən maraqlı səhnələrin böyük səylə qurulması xüsusi maraq doğurur. Budur “Böyük şəhərin işıqları” filmindən kor gülsatan qız, bu da “Balaca” filmindən balaca avaradır. Yaxınlıqda isə Çaplinin “Yeni əyyamlar” adlı sonuncu səssiz filminin gülməli restoran səhnəsinin dekorasiyaları qurulub. Valehedici “Çaplin dünyası” bizdə unudulmaz təəssüratlar və bu bənzərsiz artistin iştirakı ilə bütün filmlərə yenidən baxmaq arzusu oyatdı. Emil Eyyubov Fotolar Fərhad Həşimovundur AZƏRTAC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır