ADDA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan elmi-texniki konfrans keçiriləcək
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyansında 4-5 aprel 2025-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Dəniz naviqasiyasının inkişaf perspektivləri" mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək.
Konfrans gəmiqayırma və gəmi təmiri, dəniz naviqasiyası, gəmi energetik qurğuları, gəmilərin elektrik avadanlıqları və avtomatikası, mexanika, riyaziyyat və informatika, su nəqliyyatının humanitar və dilçilik məsələləri kimi mövzuları əhatə edəcək.
İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevralın 24-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 20-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.