Türkiyəli gəmi sahibi Haaqa məhkəməsinə müharibə cinayəti ilə bağlı müraciət edib
Türkiyəli gəmi sahibi, Ukraynanın hücumu nəticəsində həlak olan dənizçinin ailəsi və sağ qalan heyət üzvləri iyulun 22-də “Reyhan Sari” gəmisinə endirilən zərbə ilə bağlı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) müharibə cinayəti şikayəti təqdim edib.
“Seanews.az” xəbər verir ki, 36 075 dedveyt tonluq, Türkiyə bayrağı altında üzən quru yük gəmisi Rusiyaının Novorossiysk limanı yaxınlığında, Qara dənizdə pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hadisə zamanı mühərrik şöbəsində çalışan 54 yaşlı Savaş Çakar həlak olub, 15 nəfərlik heyətin bir neçə üzvü yaralanıb. Gəmi daha sonra Türkiyəyə yollana bilib.
Şikayətdə gəminin yaşayış sahəsinə qəsdən zərbə endirildiyi və mülki şəxslərin öldürülməsinin hədəfləndiyi iddia olunur. Həmçinin hücum zamanı zirehdələn xüsusiyyətə malik, qanunsuz kasetli sursatlardan istifadə edildiyi bildirilir.
ICC prokurorları müraciəti və təqdim olunan sübutları araşdıraraq işin məhkəmənin yurisdiksiyasına və səlahiyyətlərinə uyğun olub-olmadığını, habelə formal istintaqa başlamaq üçün kifayət qədər əsasın mövcudluğunu qiymətləndirəcəklər.


