IMO Baş katibi: Geosiyasi münaqişələr ticarət gəmilərinə hücumlara bəhanə olmamalıdır
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominquez dövlətləri ticarət gəmilərinin təhlükəsizliyini və dənizçilərin həyatını riskə atan hərəkətlərdən çəkinməyə çağırıb.
“Seanews.az” xəbər verir ki, Dominquez IMO-nun Yüklərin və Konteynerlərin Daşınması üzrə Alt Komitəsinin iclasında çıxışı zamanı problemə diqqət çəkib.
Baş katib bildirib ki, geosiyasi gərginliklər gəmiçilik sənayesinə ciddi təsir göstərir. Onun sözlərinə görə, Yaxın Şərqdə 28 fevralda başlayan münaqişədən bu yana IMO Hörmüz boğazında və ətrafında beynəlxalq gəmiçiliyə qarşı 80 hücumu təsdiqləyib. Bu hücumlar nəticəsində ən azı 22 dənizçi həlak olub, çox sayda dənizçi isə yaralanıb.
Baş katib qeyd edib ki, Qara dəniz və Azov dənizində də son aylarda beynəlxalq gəmiçiliyə qarşı hücumlar nəticəsində onlarla insanın öldüyü bildirilir. Qırmızı dənizdə hücumlar yenidən başlayıb və 11 avqustda husilərin ticarət gəmisinə son hücumu nəticəsində 4 dənizçinin ölümü təsdiqlənib.
Dominquez vurğulayıb ki, bu hücumlar yalnız bir tərəfin fəaliyyəti ilə əlaqələndirilə bilməz. O, münaqişələrin kök səbəblərinin aradan qaldırılmasının IMO-nun səlahiyyətlərinə daxil olmadığını, lakin onların beynəlxalq ticarət və gəmiçilik əməliyyatlarına təsirinin getdikcə artdığını deyib.
IMO Baş katibi üzv dövlətləri bu məsələləri öz hökumətləri və BMT-nin müvafiq qurumları qarşısında qaldırmağa çağırıb.


