Finlandiya sualtı təxribatların qarşısını almaq üçün dənizdə gəmilərə minmə və yoxlanış təlimləri keçirib
Finlandiya hakimiyyəti Baltik dənizində hədəf gəmisinə minmə və axtarış üzrə praktiki təlim keçirib. Təlim sualtı enerji kabelləri, rabitə xətləri və qaz kəmərlərinin mümkün sabotajlardan qorunmasına hazırlığı nümayiş etdirib.
“Seanews.az” xəbər verir ki, təlim zamanı Sahil Mühafizəsi, polis və Silahlı Qüvvələrin əməkdaşları helikopterdən kəndirlə gəminin göyərtəsinə enərək heyəti nəzarətə götürüb və gəminin bölmələrini yoxlayıblar.
Finlandiya rəsmilərinin sözlərinə görə, son illərdə Baltik dənizində sualtı infrastrukturun zədələnməsi ilə bağlı bir sıra insidentlər baş verib. Buna görə də mümkün təhlükələrə, o cümlədən dalğıclar, mini sualtı qayıqlar və partlayıcı daşıyan sualtı robotlardan istifadə edilə biləcək sabotajlara qarşı hazırlıq gücləndirilir.
Finlandiya hökuməti həmçinin Sahil Mühafizəsinə bayrağı və ya vətəndaşlığı şübhəli olan gəmiləri dayandırmaq və yoxlamaq, eləcə də pilotsuz sualtı aparatlarına qarşı tədbir görmək üçün əlavə səlahiyyətlər verilməsini nəzərdən keçirir.


