Qara dənizdə yük gəmisinə hücum zamanı kapitan həlak olub
Ukrayna rəsmilərinin məlumatına görə, sentyabrın 23-də Rusiyanın Qara dənizdə yük gəmisinə hücumu nəticəsində gəminin ukraynalı kapitanı həlak olub.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, Antiqua və Barbuda bayrağı altında üzən gəmiyə hücum zamanı yanğın baş verib. Ukrayna Hərbi Dəniz Qüvvələri ekipajı təxliyə edib və yanğını söndürüb.
Türkiyənin İMEAK Dənizçilik Palatasının məlumatına görə, 2022-ci ilin fevralından etibarən Qara dənizdə ən azı 226 mülki və kommersiya gəmisi hücuma məruz qalıb. Onlardan 163-ü bu ilin ilk səkkiz ayında qeydə alınıb.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz sistemlər bölməsinin komandanı Robert Brovdi isə bildirib ki, Ukrayna qüvvələri son 11 həftə ərzində Qara dəniz və Azov dənizində 300 gəmini sıradan çıxarıb. Onun sözlərinə görə, hədəfə alınan gəmilərin bir qismi Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na daxildir.

