Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xəzər dəniz nəqliyyatı Böyük Vətən Müharibəsi ərəfəsində

Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur… Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq respublika ictimaiyyətinin, mətbuatının və ziyalılarının vətəndaşlıq borcudur.

                                                                                   Ümummilli Lider Heydər Əliyev

1941-ci il iyunun 22-də İkinci Dünya müharibəsinin mühüm və həlledici tərkib hissəsi – tariximizə Böyük Vətən müharibəsi adı ilə yazılmış qanlı və dəhşətli savaş başlananda keçmiş Sovet İttifaqının bir üzvü kimi Azərbaycan da alman faşizminə qarşı mübarizəyə qalxdı. Xalqımızın müharibədə iştirakı təkcə igid oğul-qızlarımızın hərb meydanında göstərdiyi şücaətlərlə məhdudlaşmırdı. Müharibənin ilk günlərindən bütün Azərbaycanın özü bir cəbhəyə çevrilmişdi – arxa cəbhəyə və bu cəbhədə əməkçi insanlar heç də ön cəbhədəkilərdən geri qalmırdılar. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı bütün sovet adamları kimi, həmvətənlərimizi də səfərbər edərək, bir məqsəd – o zaman ümumi evimiz olan Sovet İttifaqının qələbəsi naminə birləşdirirdi. Və Azərbaycan xalqı alman faşizmi üzərində Qələbənin qazanılmasında həlledici rol oynadı desək, qətiyyən yanılmarıq.   İkinci Dünya müharibəsinin gedişatını tədqiq edən analitiklərin çoxu bu dünya savaşında Bakının əhəmiyyətinə və roluna xüsusi önəm verirlər.

Məlumdur ki, faşist Almaniyası Sovet İttifaqının darmadağın edilməsinə dünya hökmranlığını ələ keçirməkdə mühüm bir mərhələ kimi baxırdı.  Hitler komandanlığı Sovet İttifaqı üzərində tez bir zamanda qələbə çalmaq üçün müttəfiqlərinin də silahlı qüvvələri daxil olmaqla böyük hərbi qüvvə toplamış və SSRİ əleyhinə müharibənin strateji planını hazırlamışdı. “Barbarossa” adlanan plan Vermaxt qoşunlarının Sovet Ordusunun SSRİ-nin qərbində yerləşən əsas qüvvələrini tez bir zamanda parçalamaq, hissə-hissə mühasirəyə alıb məhv etmək məqsədi ilə qəflətən həmləyə keçib güclü zərbələr endirməsini, bundan sonra sürətlə ölkənin içərilərinə irəliləyib Arxangelsk – Volqa – Həştərxan xəttinə çıxmasını nəzərdə tuturdu. Faşistlər SSRİ-nin mühüm su arteriyasını – Volqanı ələ keçirməklə Xəzərə çıxışlarını təmin etmək istəyirdilər.

Hövzə Sovet İttifaqının Avropa hissəsini Orta Asiya və İranla bağlayan əsas nəqliyyat qovşağı kimi mühüm rol oynayırdı. Neft yataqlarına, qiymətli duz və pambıq rayonlarına yaxınlığı, Volqa ilə Xəzərə meşə materiallarının, sənaye avadanlıqlarının və kənd təsərrüfatı məhsullarının gətirilməsinin asanlığı Xəzərin nəql baxımından əhəmiyyətini artırırdı. Hövzənin əlverişlı coğrafi yerə, 30 min kv.km sahəyə və 7 min km uzunluğunda sahil xəttinə malik olması gəmilərin Xəzərdəki limanlar – Həştərxan, Bakı, Quryev (indiki Aktau), Mahaçqala, Krasnovodsk (indiki Türkmənbaşı), Bautino, Astara, Port İliç (indiki Liman) arasında müntəzəm  və intensiv hərəkətini təmin etməyə imkan verirdi. Sovet İttifaqının iqtisadi həyatında belə mühüm yer tutan Xəzər dənizi Qafqazı ələ keçirməyə çalışan alman-faşist komandanlığının diqqətini cəlb etməyə bilməzdi.

Müharibə başlayanda Xəzərdə 3 gəmiçilik – Xəzər dövlət dəniz quru yük gəmiçiliyi (“Xəzər donanması”), Xəzər dövlət dəniz neftdaşıyan gəmiçiliyi (“Xəzərtanker”) və Xəzər dövlət neftdaşıyan reyd gəmiçiliyi (“Reydtanker”) fəaliyyət göstərirdi. Bu gəmiçiliklərin 1938-ci ildə yaradılmasına quru və maye yüklərin daşınmasındakı fərqlilik, həm də Xəzərin azsululuğu ilə seçilən şimal rayonu ilə Volqanın deltasında üzgüçülüyün xüsusiyyətləri səbəb olmuşdu. Hər üç gəmiçilik ixtisaslaşmış donanmaya malik olub,  imkanlarına görə fərqlənirdi.

1941-ci il yanvar ayının məlumatına görə “Xəzər donanması”nın sərəncamında əsasən köhnə gəmilər olub. Quru yük donanmasının demək olar ki, tən yarısını 30 ildən yuxarı istismarda olan gəmilər təşkil edib. Hətta, SSRİ Dəniz Donanması Xalq Komissarlığı komissiyasının 42 gəmini istismardan çıxarmaq haqqında qərarı da olub, lakin başlayan müharibə bunu reallaşdırmağa imkan verməyib. Quru yük gəmiləri aztonnajlı, azsürətli, həm də suya azoturumlu olub. Donanmada yalnız 6 özühərəkətedən gəmi 1000-4000 ton yükgötürmək qabiliyyəti ilə seçilib.

Bununla belə, “Xəzər donanması” digər gəmiçiliklərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Belə ki, müharibə ərəfəsində bütün hövzə limanları onun sərəncamında idi. Bakı, Mahaçqala və Krasnovodsk limanları birinci dərəcəli sayılırdı. Gəmiçiliyin Həştərxanda və İranda dəniz agentlikləri  fəaliyyət göstərirdi. “Xəzər donanması” öz radiostansiyası vasitəsilə gəmilər, limanlar, dəniz agentlikləri və SSRİ Dəniz Donanmasının Xalq Komissarlığı ilə  bağlantı yaratmaq imkanına malik idi.

Gəmiçiliyin Bakıda üzən emalatxanası, Mahaçqalada isə Xəzərin şimal hissəsində işləyən gəmilərin cari təmirini həyata keçirən birinci dərəcəli gəmi təmiri emalatxanası vardı.  Əsas donanmanın təmirini Bakıda 3 gəmi təmiri zavodu həyata keçirirdi. 

“Xəzərtanker”  gəmilərinin sayı baxımından “Xəzər donanması”ndan geri qalsa da, yükgötürmə qabiliyyətinə görə hövzədəki  digər gəmiçiliklərdən üstün idi. Gəmiçiliyə bu üstünlüyü  onun 9 iritonnajlı tankeri verirdi.  Sözügedən tankerlər 30-cu illərdə “Krasnoye Sormovo” gəmiqayırma zavodu tərəfindən inşa edilmişdi. Tankerlərin hər birinin yükqaldırma qabiliyyəti 9500 ton idi. Gəmiçiliyin donanmasında bu tankerlərlə bərabər, 25-30 il istismarda olanlar da var idi. Bununla belə, “Xəzərtanker”in gəmiləri “Xəzər donanması”nın gəmilərindən daha yaxşı texniki vəziyyətdə idi.

Gəmiçiliyin Bakı, Krasnovodsk və Mahaçqala limanlarında  dəniz agentlikləri fəaliyyət göstərirdi. “Xəzərtankertəchizat”, avtobaza, rabitə emalatxanası və sair bu kimi obyektlər də onun sərəncamında idi.

Xəzər reyd gəmiçiliyi (“Reydtanker”) gəmilərinin sayına və onların yükgötürmə qabiliyyətinə görə hövzədə böyük gəmiçiliklərdən biri sayılsa da, gəmi maşınlarının gücünə görə həm “Xəzər donanması”ndan, həm də “Xəzərtanker”dən geri qalırdı. Səbəbi onunla izah edilirdi ki, gəmiçiliyin 91 gəmisi özühərəkətedən deyildi – əsas tonnajı metal və taxta barjlar təşkil edirdi. Donanmanın qalan gəmiləri isə yük daşımaq üçün nəzərdə tutulmamış yedək gəmilərindən, habelə 2 ədəd Həştərxan – Quryev – Bautino limanları arasında işləyən yük-sərnişin gəmisindən ibarət idi. 

“Reydtanker”in bütün gəmiləri aztonnajlı və suya azoturumlu olub, Xəzərin dayaz şimal rayonlarında, habelə Volqa ilə Ural çaylarının mənsəblərində üzmək üçün nəzərdə tutulmuşdu.

Gəmiçiliyin işi Həştərxanın dəniz reydində  iritonnajlı tankerlərdən yükü alıb, yükboşaltma bazalarına təhvil verməkdən ibarət idi. Bu yük sonradan çay gəmiçiliyinin – “Volqatanker”in gəmilərinə ötürülürdü. Gəmiçiliyin Həştərxan dəniz reydində, Həştərxan limanında və Quryev reydində agentlikləri var idi. Gəmilərinin təmirini təşkil etmək də problem deyildi, “Reydtanker”in Həştərxanda iri gəmi təmiri zavodu fəaliyyət göstərirdi. Bundan əlavə,  Gəmiçilikdə önəmli yer Volqa – Xəzər kanalında yol  və kanaldakı vəziyyəti öyrənən xidmətə, habelə Xəzərin şimal hissəsində fəaliyyət göstərən liman nəzarətinə məxsus idi. 

“Reydtanker”in donanması özühərəkətedən və özühərəkətetməyən gəmilərdən ibarət idi. Yedək gəmiləri özühərəkətedən gəmilər olub,  1928 – 1932-ci illərdə inşa edilmişdi. Yalnız 1915-1917-ci illərdə inşa edilmiş üç gəminin ciddi təmirə ehtiyacı vardı. Özühərəkətetməyən gəmilər isə əsasən göhnə barjlar idi. 21 barj 1896 – 1909-cu illərdə və 31 barj 1910-1917-ci illərdə inşa edilmişdi. Müharibə ərəfəsində 21 barj əsaslı təmir olunsa da, istismarda olan 27 barj əsaslı təmirini gözləyirdi. 32 barj isə 8-12 il istismarda olmasına baxmayaraq, heç doka qoyulmamışdı. Halbuki, SSRİ Dəniz Registrinin qaydalarına müvafiq olaraq, bunu hər 3 ildən bir həyata keçirmək lazım idi.

Gəmilərin hövzədə normal istismarı üçün dibdərinləşdirmə işləri xüsusi əhəmiyyət kəsb edirdi. Xəzərdə bu işləri iki böyük müəssisə – Bakıda “Xəzərdənizyol”, Həştərxanda isə “Reyddənizyol” icra edirdi. Hər iki müəssisənin sərəncamında torpaqsoran və torpaqçıxaran gəmilər var idi.

Dibdərinləşdirmə işlərini əsasən Volqa – Xəzər və Ural – Xəzər kanallarında və Mahaçqala ilə Krasnovodsk limanlarına rahat daxil olub-çıxmaq üçün bu limanların girişlərində aparmaq lazım gəlirdi. Bu işləri torpaqsoran və ya torpaqçıxarandan, yedək gəmisindən, çıxarılan torpağı daşımaq üçün şalandadan və katerdən ibarət xüsusi karvan yerinə yetirirdi.

O dövrdə Xəzərin əsas limanı olan Bakı Sovet İttifaqının ən böyük yükaşırma müəssisələrindən biri idi. Bakı limanı dəmir yolu vasitəsi ilə Sovet İttifaqının Avropa hissəsi  və Zaqafqaziya ilə əlaqəli idi: dəmir yolu  Qara dənizə çıxışı təmin edirdi. Bakı hövzənin qərb sahilini Orta Asiya ilə birləşdirən körpü rolunu oynayırdı.

Böyüklüynə görə Mahaçqala limanı Xəzərdə ikinci olub, ərazi baxımından Bakıdan xeyli geri qalırdı. Bunula belə, Mahaçqalanın ehtiyatda saxlanılan oyunçu  kimi rolu vardı. Zərurət yaranarsa,  Sovet İttifaqının qərb hissəsini Orta Asiya ilə İrana bağlayan məhz bu liman olacaqdı.

Krasnovodsk müharibə ərəfəsində öz ərazisinə görə çox kiçik liman olsa da, Xəzərdə özünəməxsus yeri vardı. Bu liman dəmir yolu vasitəsilə bütün Orta Asiya respublikalarının mərkəzləri ilə əlaqəli olduğundan, Orta Asiyanın dəniz qapısı sayılırdı. Dənizçilər Böyük Vətən müharibəsi illərində bu limanı haqlı olaraq “cəbhə üçün patrondaşıyan” adlandırırdılar.    

Xəzərdəki liman məntəqələrinin hər biri o qədər kiçik və primitiv vəziyyətdə idi ki, yükləyib-boşaltmağa yalnız bir gəmini qəbul edə bilərdi.

Bununla belə, müharibə ərəfəsində istər nəqliyyat donanmasının gəmilərində, istər limanlarda, istərsə də gəmi təmiri zavodlarında artıq öz əmək ənənələri olan mütəşəkkil kollektivlər mövcud idi. Xəzər dənizçilərinin sayı o dövrdə 20 minə çatırdı. O zaman kollektivin nüvəsini dənizçi sülalərinin yetirmələri olan, Xəzəri “beş barmağı” kimi tanıyan, zəngin təcrübəyə, möhkəm iradəyə malik qocaman dənizçilər təşkil edirdi. Əlbəttə ki, mütəxəssislərin sayı daha çox ola bilərdi. Lakin təəssüflər olsun ki, repressiya illəri Xəzər dənizçilərinin də sıralarını seyrəltmişdi.

Xəzər dəniz nəqliyyatı donanmasının alman faşistlərinin Sovet İttifaqına qarşı başladığı amansız müharibəyə qoşulduğu zaman malik olduğu insan resursları və texniki imkanları belə idi.      

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır