Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

“İlin gənc dənizçisi” nominasiyasının qalibi: Azərbaycan Bayrağıyla üzən gəmidə çalışmaq böyük fəxrdir

Budəfəki müsahibimiz ASCO üzrə 2023-cü ilin “Ən yaxşıları” müsabiqəsində yer alan “İlin gənc dənizçisi” nominasiyasının qaliblərindən biri – Mirsadiq Ağalarovdur.

Hazırda Dəniz Nəqliyyatı Donanmasının xarici sularda üzən “Gəncə” tankerində kapitanın növbə köməkçisi vəzifəsində işləyən Mirsadiq Ağalarovla müsahibəni təqdim edirik.

Mirsadiq, əvvəlcə səni tanıyaq.

-      28 yaşım var, 1996-cı ilin 20 sentyabrında Neftçala rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını bitirmişəm. Artıq 6 ildir, yəni 2018-ci ildən öz peşəm üzrə çalışıram.

Təhsilini başa vurduqdan sonra iş tapmaq çətin olmadı?

-      2017-ci ildə Akademiyanı bitirib hərbi xidmətə getdim, 2018-ci ildə tərxis olunub gələn kimi iş axtarışına başladım. Həmin vaxt ASCO-nun saytında vakansiya var idi, müraciət etdim, sonra imtahana çağırdılar. Həm test imtahanlarından, həm də müsahibələrdən uğurla keçdim və matros kimi işə qəbul olundum.

İndiyədək yolun hansı gəmilərdən keçib?

-      İlk gəmim “Ordubad” gəmi-bərəsi olub. “Ağdam”, “Bərdə”, “Nəriman Nərimanov”, “Səməd Vurğun”, “Şuşa”, “General Aslanov” gəmilərində işləmişəm. İndi də “Gəncə” gəmisindəyəm.

Kapitanın növbə köməkçisisən...

-      Bəli, artıq üç ildir ki, bu vəzifədəyəm. Əsas işim kapitanın və kapitanın baş köməkçisinin tapşırıqlarını vaxtında və dəqiq icra etmək, növbədə olarkən gəminin təhlükəsiz üzməsini, eyni zamanda limanda təhlükəsiz dayanmasını təmin etmək, yük əməliyyatına nəzarət həyata keçirməkdən ibarətdir. Vəzifə öhdəliklərimə naviqasiya alətlərini, yanğın əleyhinə və xilasedici avadanlıqları vaxtaşırı yoxlamaq, gəmiyə daxil olan inventarları qəbul etmək də daxildir.

İşiniz çoxdur, yəqin ki, darıxmağa vaxt olmaz.

-      Arada insan darıxır, amma tez ötür. Bəzəm darıxsam da, əsas odur yorulmuram. Çünki peşəmi sevirəm. Mən məktəb vaxtlarından dənizçi olmağı arzulamışam, tələbəlik illərində peşənin sirlərinə bələd olduqca da bu işi daha da çox sevmişəm.

Bəs, gəmidə boş vaxtlarını necə dəyərləndirirsən?

-      Kitab oxuyuram, film izləyirəm. Ən böyük hobbim də futbola baxmaqdır.

Ailədə səndən başqa dənizçi var?

-      Yox, ilk dənizçiyəm ailəmizdə, amma bu peşəni bütün yaxınlarıma sevdirməyə çalışıram.

Dənizçiliyi sənə bu qədər sevdirən səbəb nədir?

-      Birinci növbədə, Azərbaycan Bayrağıyla üzən gəmidə çalışmaq hər bir azərbaycanlı kimi, mənim üçün də böyük fəxrdir. Biz bu bayraqla xarici ölkələrin limanlarına gedirik, ölkəmizi təmsil edirik. Doğrudan da, qürurvericidir. Hər səfərdə bu hissi yaşamaq gözəldir. Bax, elə buna görə dənizçi olmağa dəyər.

İndi hansı ölkədə, hansı limandasınız?

-      Hazırda Türkiyənin Aliağa limanındayıq. Buradan yük götürüb Misirin İsgəndəriyyə limanına gedəcəyik.

Bugünlərdə “İlin gənc dənizçisi” adına layiq görülmüsən.

         -  Bəli, çox sevindirici xəbər oldu mənim üçün. Valideynlərim, yaxınlarım hamısı təbrik etdi və bu məni daha da qürurlandırdı. Biz dənizçiləri həmişə diqqətdə saxladıqlarına görə ASCO rəhbərliyinə təşəkkür edirəm. Bu məni öz üzərimdə daha da çox işləməyə həvəsləndirir. Ümid edirəm ki, elə bu motivasiya ilə də tezliklə kapitan olmağı bacaracağam. 

Uğurlar arzulayırıq, müsahibəyə görə də təşəkkür edirik.

-      Çox sağ olun! Mən də sizə və bütün dənizçi həmkarlarıma uğurlar arzu edirəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır