Avropa dəniz təhlükəsizliyi agentliyi: Gəmi qəzalarının 78 faizinə insan faktoru səbəb olub
Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA) 2011-2021-ci illərdə Avropa İnformasiya Platformasında (EMCİP) qeydə alınan dəniz qəzalarını analiz edib.
“Seanews.az” xəbər verir ki, ümumilikdə ADTA 573 qəzanı araşdırıb.
Sözügedən dövrdə baş verən hadisələrin 447-si və ya 78 faizi insan faktoru ilə bağlı olub. Bununla belə, burada da hadisələrin xüsusiyyətlərində müxtəlifliyin olduğu ortaya çıxıb. Belə ki, “toqquşma” araşdırılan qəzaların 83,5 faizini, “saya oturma” 75 faizini, “toxunma” isə 71 faizini təşkil edib.
Hava şəraiti və qarşılıqlı əlaqə nəticəsində baş verən qəzaların sayı da az olmayıb. Qeyd edilib ki, hadisələrin 15,7 faizi toxunma və saya oturma nəticəsində baş verib. Gəmi energetik qurğularının sıradan çıxması nəticəsində digər obyektlərə toxunma və ya saya oturma halları isə hadisələrin 12,4 faizini təşkil edib.
Bildirilib ki, yüklənmə, iş yerinin erqonomikası, avadanlığın konstruksiyası, təhlükəsizlik texnikası üzrə qəliz prosedurlar hadisələrin baş verməsinin qarşısının alınmasını çətinləşdirən əsas amillərdən olub.


