Bakıda multimodal daşımalar və dəmir yolunun rəqəmsallaşdırılması üzrə ekspertlər iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda hibrid qaydada BMT-nin Asiya-Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Katibliyi ilə əməkdaşlıq çərçivəsində Şimali və Mərkəzi Asiyada multimodal daşımalar və dəmir yolunun rəqəmsallaşdırılması üzrə ekspertlər iclası keçirilib.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın nümayəndələri, eləcə də UNESCAP Katibliyi, UNESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional Ofisi, Beynəlxalq Dəmir Yolu İttifaqı (UIC), TRASEKA və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) İstismar kommersiya departamentinin əməkdaşı Fuad Əliyev təmsil edib.
Tədbirdə qeyd olunub ki, Asiya-Sakit okean regionunda nəqliyyat sisteminin inkişafında rəqəmsallaşmanın əhəmiyyətli rolu nəzərə alınaraq, ESCAP Katibliyi tərəfindən “Şimali və Mərkəzi Asiya ölkələrində dəmir yolu əməliyyatlarının davamlılığının və rəqabət qabiliyyətinin artırılması üçün yeni texnologiyalar və rəqəmsal transformasiya” mövzusunda texniki yardım layihəsi həyata keçirilir. Ölkəmizin də benefisiarı olduğu sözügedən layihənin məqsədi adıçəkilən subregionda rəqəmsal transformasiya, dəmir yolu və multimodal daşımalarda yeni texnologiyalardan istifadə sahəsində əldə edilmiş təcrübələr və uğurlu siyasi alətlər barədə iştirakçı ölkələrin aidiyyəti qurumlarının anlayış və bacarıqlarının artırılmasına dəstək göstərməkdir.



