Gəmi üzərində süni intellekt üçün üzən məlumat mərkəzi hazırlanır
“Seanews.az” xəbər verir ki, “Mitsui O.S.K. Lines” (MOL) və “Kinetics” şirkətləri birgə şəkildə hərəkət edə bilən üzən məlumat mərkəzinin yaradılması üzərində işləyir. Layihə çərçivəsində 120 metr uzunluğunda gəmi minlərlə süni intellekt (AI) prosessorunun yerləşdirilməsi üçün uyğunlaşdırılacaq.
Yeni platforma dəniz suyunun birbaşa soyutma sistemi ilə təchiz olunacaq. Bu yanaşma həm enerji sərfiyyatının optimallaşdırılması, həm də ətraf mühitə təsirin azaldılması məqsədi daşıyır.
Tərəfdaş şirkətlər məlumat infrastrukturunda mövcud çatışmazlıqları aradan qaldırmaq üçün çevik və yüksək güclü hesablama imkanları təqdim etməyi hədəfləyir. Layihə həmçinin yenidən istifadə olunan gəmilər vasitəsilə tikinti xərclərini və ekoloji təsiri minimuma endirməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət əvvəl “Del Complex” şirkəti tərəfindən oxşar şəkildə üzən süni intellekt platforması yaratmaq təşəbbüsü olmuşdu. Sözügedən layihə reallaşmamış qalsa da, hazırkı təşəbbüs praktiki və tətbiq yönümlü yanaşması ilə fərqlənir.