“MSC HERMES III”də yeni hadisə gəminin tərk edilməsi ilə bağlı sualları artırıb
“MSC HERMES III” konteyner gəmisində bir ekipaj üzvünün tibbi təxliyə edilməsindən sonra gəmidə baş verənlərlə bağlı yeni suallar yaranıb.
“Seanews.az” xəbər verir ki, Vyetnam Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə sentyabrın 28-də daxil olan məlumata görə, gəminin 30 yaşlı ekipaj üzvü iş qəzası nəticəsində ağır baş xəsarəti alıb. Dənizçidə qusma və huşsuzluq kimi əlamətlər müşahidə olunub və onun vəziyyəti ağır qiymətləndirilib. Hadisə zamanı gəmi Vyetnamın Vunq Tau şəhərindən təxminən 30 dəniz mili şimal-şərqdə olub.
Vyetnam tərəfi hadisə yerinə tibbi heyətin də olduğu “SAR 272” xilasetmə gəmisini göndərib. Dənizçiyə ilkin tibbi yardım göstərildikdən sonra o, sentyabrın 29-da səhər saatlarında Ho Şi Min şəhərindəki xəstəxanaya çatdırılıb.

Bu hadisə gəminin bir həftə əvvəl ekipaj tərəfindən tərk edilməsi ilə bağlı sualları artırıb. Belə ki, sentyabrın 22-də Sinqapur Dəniz və Liman İdarəsinin koordinasiyası ilə “MSC HERMES III”dəki 25 ekipaj üzvü xilasedici qayıqlara keçərək başqa MSC gəmisinə götürülüb. Həmin vaxt ekipajın gəmini hansı səbəbdən tərk etdiyi açıqlanmayıb.
“MSC HERMES III” daha sonra yedək vasitəsilə Vyetnama aparılıb. Xilasetmə əməliyyatı zamanı çəkilən görüntülərdə gəmidə yanğın və ya digər ciddi xarici zədələnmə əlamətləri görünməyib.
Mənbələrdə sentyabrın 28-də xəsarət alan dənizçinin gəmidə hansı şəraitdə olduğu və sentyabrın 22-də gəmini tərk edən 25 nəfərlik ekipajla əlaqəsinin olub-olmadığı barədə əlavə məlumat verilməyib.



