Aİ Qırmızı dəniz missiyası üçün daha çox hərbi gəmi istəyir
Avropa İttifaqı Qırmızı dənizdə ticarət gəmilərinin müşayiətinə artan tələbat fonunda üzv ölkələrdən “EUNAVFOR Aspides” missiyasına daha çox hərbi gəmi göndərməyi yenidən istəyib. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, kommersiya gəmilərindən müşayiət tələbləri artır və hazırda bunun üçün kifayət qədər freqat yoxdur.
“Seanews.az” xəbər verir ki, 2024-cü ilin fevralında yaradılan “Aspides” missiyasında hazırda 6 hərbi gəmi iştirak edir. Kallasın sözlərinə görə, missiyanın əvvəlcə ən azı 10 gəmiyə ehtiyacı olduğu qiymətləndirilsə də, mövcud vəziyyət daha çox gəmi tələb edir. O, xüsusilə freqatlar, hava hücumundan müdafiə imkanları və ticarət gəmilərini müşayiət edə bilən vasitələrə ehtiyac olduğunu vurğulayıb.
Belçika və Niderland əlavə gəmilərin göndərilməsi imkanını nəzərdən keçirir. Niderlandın “Evertsen” freqatı sentyabrın 27-də Yaxın Şərqə yola düşüb və marşrutu üzrə “Aspides” missiyasına da dəstək verəcək. İtaliya və Fransa da missiyanın gücləndirilməsini dəstəkləyir. İspaniya isə “Aspides”ə əlavə gəmi göndərməyəcəyini bildirib.
Daha çox hərbi gəmi tələbi Yəməndəki husilərin iyul ayında Qırmızı dənizdə Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə hücumları bərpa etməsindən sonra irəli sürülüb. Hücumların artması kommersiya gəmilərinin hərbi müşayiətə tələbatını da yüksəldib.


