“Maersk” ABŞ-də ilk bioetanol bunkerləməsini həyata keçirib
“Maersk” ABŞ-də konteyner gəmisinə gəmidən-gəmiyə ilk kommersiya etanol bunkerləməsini həyata keçirib.
“Seanews.az” xəbər verir ki, əməliyyat zamanı ABŞ-nin “Poet” şirkətinin istehsal etdiyi 100 faiz bioetanol qarışığından istifadə olunub. Bu, “Maersk”in etanol və digər alternativ yanacaqların sınağı çərçivəsində reallaşıb.
Bunkerləmə fevral ayında istismara verilən “Tangier Maersk” gəmisində aparılıb. Uzunluğu 270 metr, tutumu 9000 TEU olan gəmi metanolla işləyə bilən ikiyanacaqlı mühərriklə təchiz edilib. Şirkət bildirib ki, hər iki yanacaq spirt əsaslı olduğu üçün etanolun metanolla işləyən mühərriklərdə istifadəsini sınaqdan keçirir.
“Maersk” daha əvvəl “Laura Maersk” və “Antonia Maersk” gəmilərində etanol sınaqları keçirib. Şirkət alternativ yanacaqların tətbiq imkanlarını araşdırmaqla gəmiçiliyin enerji keçidinə və emissiyaların azaldılmasına töhfə verməyi planlaşdırır.


