Ukrayna oğurlanmış taxılın daşınmasında ittiham olunan rusiyalı kapitanı məhkəməyə verib
Ukrayna Krımın qapalı Sevastopol limanından Suriyaya taxıl daşınmasında ittiham olunan rusiyalı kapitan Nikolay Telagin barəsində məhkəməyə müraciət edib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində 54 yaşlı kapitanın 2022–2024-cü illərdə Rusiya bayrağı altında üzən “Matros Pozynich” quru yük gəmisinə rəhbərlik etdiyi müəyyən edilib. Kapitan 2022-ci ilin noyabrında Donetsk vilayətində yetişdirilən 27 min ton buğdanın Sevastopoldan Suriyanın Latakiya limanına daşınmasını təşkil etməkdə ittiham olunur. 2023-cü ilin yanvarında isə gəminin daha 27,3 min ton buğda daşıdığı qeyd edilir.
Ukrayna tərəfi kapitanın yükün Rusiya mənşəli kimi təqdim edilməsinə nəzarət etdiyini, həmçinin gəminin AIS siqnallarını söndürdüyünü və bəzi hallarda yanlış marşrut məlumatları göstərdiyini iddia edir.
2010-cu ildə inşa edilən, dedveyti 28 351 ton olan “Matros Pozynich” gəmisinə 2025-ci ilin dekabrında Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilib. Gəmi həmçinin Ukrayna, Kanada və İsveçrənin sanksiya siyahısındadır.
Məlumata görə, gəmi bu ilin aprelində Krımdakı Avlita taxıl terminalında 27,5 min ton buğda yükləyərək Latakiyaya yollanıb. AIS məlumatlarında isə yükün mənşəyi Türkiyənin İsgəndərun limanı kimi göstərilib.


