Naxodkadan çıxan quru yük gəmisi Yaponiya dənizində batıb
“Seanews.az” xəbər verir ki, Rusiyanın Naxodka şəhərindən kömür yükü ilə Yaponiyanın Kinuura limanına doğru hərəkət edən quru yük gəmisi Yaponiya dənizində qəzaya uğrayıb.
“En-eyç-key” telekanalının məlumatına görə, Panama bayrağı altında üzən gəmidə Vyetnam vətəndaşlarından ibarət 18 heyət üzvü olub.
Quru yük gəmisi çərşənbə günü axşam Yaponiyanın Simane prefekturasından 380 km aralıda qəza siqnalı göndərib.
Cümə axşamı səhər ora Cənubi Koreya Sahil Mühafizəsinin patrul gəmisi gəlib. Yük daşıyan gəminin 17 heyət üzvü qayıqda tapılıb və onların hamısı xilas edilib. Yük gəmisi isə batıb.
Hadisə zamanı bir dənizçinin itkin düşdüyü bildirilir və hazırda Yaponiya sahil mühafizəsi onu axtarır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


