ADDA və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Mübarizlər” adlı tədbir-sərgi keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində “Mübarizlər” adlı tədbir-sərgi keçirilib.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan tədbir Vətən uğrunda canından keçən Şəhidlərin əziz xatirəsinə həsr olunub. Tədbir-sərgidə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri iştirak ediblər. Şəhidlərin valideynləri çıxış edərək böyük fəxr hissi ilə övladlarının müharibədə göstərdiyi qəhrəmanlıq və igidliklərdən danışıblar.
Qazilər isə döyüş xatirələrini bölüşüblər. Onlar qələbənin əldə olunmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, xalq-ordu birliyindən danışıblar.
Tədbirin ikinci hissəsində iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə Vətən müharibəsi şəhidlərinə məxsus əşyalar nümayiş edilib. Burada həmçinin şəhidlərin foto və videolarından hazırlanmış video-material da təqdim olunub.





