Azərbaycan Kuboku: "Səbail" növbəti mərhələyə yüksəlib
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
"Report"un məlumatına görə, günün ilk oyununda Premyer Liqa təmsilçisi "Səbail" I Divizionda çıxış edən "Zaqatala"nın qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 48-ci dəqiqədə Mirsayib Abbasov qonaqları hesabda önə keçirib. 57-ci dəqiqədə Roini İsmayılov tarazlığı bərpa edib. 10 dəqiqə sonra Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib. Mirsayib Abbasov 90+2-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
"Dənizçilər" 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək. Bu raundun görüşləri 1-2 fevralda gerçəkləşəcək.
Qeyd edək ki, günün digər oyununda "Qəbələ" MOİK-in qonağı olacaq. 1/8 finalın digər 2 matçı dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı, "Sabah" isə "Kəpəz"i qəbul edəcək.


