Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

#UnutsaqUnudularıq: Cabbar Həşimovun anadan olmasının 99-cu ildönümüdür

Cabbar Əzimoğlu Həşimov 1925-ci il martın 15-də Göyçay şəhərində anadan olub.

On altı yaşlı yeniyetmə pedaqoji məktəbi bitirəndə İkinci Cahan müharibəsi başlayıb. Müharibənin ilk illərindən Keşlə dəmiryol stansiyasında və Sement zavodunda işləyib.

1945-ci ildə Bakı dəniz yolları məktəbinin “Gəmi sürücülüyü” fakültəsini bitirərək şturman ixtisasına yiyələnib, Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasına məxsus “Özbəkistan”, “Sırdərya” və digər  gəmilərində üzüb.

Cabbar Həşimovun təşkilatçılıq qabiliyyəti və bacarığı nəzərə alınaraq 1952-ci ilin mayında Gəmiçiliyin sahil heyətində işə cəlb olunub. 1965-ci ilədək burada böyük inspektor, bölmə rəhbəri, kadrlar şöbəsinin rəisi vəzifələrində çalışıb.

O bu dövrdə həm də ali təhsil alıb - 1964-cü ildə Оdessa Su Nəqliyyatı Mühəndisləri İnstitutunu “İstismarçı mühəndis” ixtisası üzrə bitirib. 1965-1968-ci illərdə Gəmiçilik rəisinin müavini, 1968-1987-ci illərdə Gəmiçiliyin rəisi, 1994-cü ildən ömrünün sonuna qədər isə Azərbaycan Dövlət  Xəzər Dəniz Gəmiçiliyi rəisinin müşaviri vəzifələrində işləyib.

Gəmiçiliyə rəhbərlik etdiyi 19 ildə C. Həşimov dənizçilik kadrlarının yetişdirilməsinə, quruculuq işlərinə, donanmanın tərkibinin təzələnməsinə, idarəetmə strukturunun təkmilləşdirilməsinə böyük əmək sərf  edib. Onun rəhbərliyi altında donanma üçün keçmiş Sovet İttifaqının və xarici ölkələrin tərsanələrində inşa edilmiş ən müasir gəmilər, o cümlədən “Dağıstan” tipli gəmi-bərələr alınıb. Dənizçilərin sosial problemlərinin həlli fəaliyyətində xüsusi yer tutub - yeni-yeni məhəllələr salınıb, yüzlərlə işçi ev-eşik sahibi olub.

C. Həşimovun xidmətləri həm respublikada, həm də SSRİ Dəniz Donanması Nazirliyində həmişə yüksək qiymətləndirilib. O, Azərbaycan SSR Ali Sovetinin 8-ci, 9-cu və 10-cu çağırışlarında deputat, habelə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib. “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, “Əməkdar nəqliyyat işçisi”,  «Dəniz Donanmasının fəxri işçisi” adlarına və çoxsaylı medallara layiq görülüb.

Cabbar Əzimoğlu Həşimov 2007-ci il yanvarın 5-də 82 yaşında Bakı şəhərində vəfat edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır