Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-28,
Seanews
Heyder Eliyev

85 İLLİK ŞƏRƏFLİ ÖMÜR YOLU: NƏZAKƏT PƏNAHOVA - VİDEO

Desəm ki, Bakı əhalisinin əksəri onu tanıyır, yanılmaram. Bu, həqiqətən də belədir. Özüm şahidi olmuşam. Onunla şəhərə çıxanda addımbaşı dayanmaq lazım gəlirdi: “Salam, Nəzakət xanım. Necəsiniz?” Bəli, haqqında bu gün söz açmaq istədiyim qəhrəmanım Nəzakət Pənahovadır və 1 mart onun doğum günüdür. Sadəcə ad günü deyil, heyranlığa layiq yubileydir – 85 il!

Adətən belə əlamətdar günlərdə yubilyarların ömür yoluna işıq salırlar. Mən də əvvəlki yubileydə Nəzakət xanımın yüksəkixtisaslı peşəkar kimi işindən, Azərbaycan gəmiçiliyinə sədaqətindən, gənc kadrlarla həvəslə bölüşdüyü zəngin təcrübəsindən, ictimai işlərdə fəallığından söz açmışdım. Ümumiyyətlə, onun gəmiçilikdəki 55 illik əmək fəaliyyəti dövründə bütün bunlar barədə çox deyilib-yazılıb. Layiq görüldüyü çoxsaylı təltiflər, mükafat və təşəkkürnamələr də “əşyayi-dəlil” olaraq sahibinin həqiqətən şərəfli ömür yaşadığını təsdiqləyib. Nəzakət Pənahova müstəqil Azərbaycanın ilk dövlət təltiflərindən olan “Tərəqqi” medalına və uzun illər vicdanlı əməyinə görə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülən ilk dəniz nəqliyyatı işçilərindən biridir.

Yəni bu yazımda yenidən onun əmək fəaliyyətindən söz açmaq istəmirəm. Çünki peşəkar olmaq nə qədər çətin olsa da, İNSAN olmaq ondan qat-qat çətindir! Mən fürsətdən istifadə edib, məhz bu insanın bəzi məziyyətlərini yada salmaq, gənclərə və Nəzakət xanımı tanımayanlara onun nə üçün belə hörmət sahibi olmasından bəhs etmək istəyirəm.

Taleyini dənizlə bağlayanlar çox yaxşı bilirlər ki, dəniz məhək daşı kimidir; insanın dəyəri orada çox tez bəlli olur. Nəzakət xanım bilavasitə dənizdə çalışmasa da, dənizçilərin onu əsl dənizçi kimi qəbul edib hörmətlə yanaşmaları çox şeydən xəbər verir.

Əzəldən yalnız kişilərin fəaliyyət göstərdikləri bir sahədə çalışaraq öz əməli işi ilə “aslanın erkəyi, dişisi olmaz” ifadəsinin doğruluğunu təsdiqləyən Nəzakət xanım ömrü boyu atası – adlı-sanlı uzaq səfərlər kapitanı Hacımurad Pənahova layiqli övlad olduğunu sübut edib. Dənizdə işləməyin necə çətin olduğunu hələ uşaq ikən atasının dilindən eşitsə də, dəniz nəqliyyatı kimi spesifik xüsusiyyətlərə malik bir sahəyə gəlməkdən çəkinməyib.

Müvafiq ali təhsil aldıqdan sonra Nəzakət xanım əmək fəaliyyətini Xəzər Dəniz Gəmiçiliyində mühəndis-dispetçer kimi davam etdirib. Gənc və gözəl bir xanımın sırf kişi peşəsi ilə məşğulluğuna qısqanclıqla yanaşanlar az olmayıb. Onların yaratdıqları maneləri dəf edəndə Nəzakət xanım heç kimə şikayət etməyib, sadəcə atasının kim olduğunu yaddan çıxartmayaraq öz işini vicdanla görüb. Məhz belə yanaşma ona biliyi, səriştə və bacarığı ilə vəzifə pillələrində addım-addım irəliləməyə imkan verib. O, Operativ planlaşdırma şöbəsinin baş mühəndisi, İstismar şöbəsində qrup dispetçeri, Maye yükdaşıma şöbəsinin rəisi vəzifələrinə irəli çəkilib. Özünə və işçilərinə olan tələbkarlığı, işə vicdanlı və ciddi yanaşması nəticədə onu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin baş dispetçeri kimi çox məsuliyyətli bir vəzifəyə yüksəldib. 

Səmimiyyətlə qeyd edə bilərəm: Nəzakət xanımı iş başında görmək ayrıca bir zövq idi. Onun düzlüyü, mərdliyi, məsuliyyətdən qorxmazlığı, zirəkliyi, məqamında reaksiya vermək bacarığı və lakonikliyi heyran edirdi. Razılaşarsınız ki, belə  məziyyətlər dəniz nəqliyyatı kimi sahədə necə də dəyərlidir!

Şahidi olduğum bir əhvalatı bölüşəcəyəm. Sənəd üzərində birlikdə işlədiyimiz zaman Nəzakət xanıma səfərdə olan kapitan zəng vurdu. O, gəmidə təxirəsalınmaz bir vəziyyətin yarandığını və köməklik göstərməli olan şəxsin telefonu açmadığını dedi. Kapitanın səsindən nə qədər həyəcanlı olduğu, necə deyərlər, “başını itirmək” həddinə çatdığı hiss olunurdu. Nəzakət xanım o dəqiqə soyuqqanlıqla: “Kapitan, birinci dəfə deyil ki belə bir hadisə ilə üzləşirsən. Özünü itirmə! Vəziyyəti söylə”, – dedi. Nəzakət xanımın amiranə, lakin sakit səsi öz işini gördü. Sualları cavablandıran kapitan sakitləşməyə başladı və sonunda: “Bəli, bəli, düzdür, mən bunu etməliyəm”, – deyib, lazımi əmrləri verməyə başladı. 

Nəzakət xanım çox zabitəli insan olsa da, onu başqalarından fərqləndirən incə məziyyətləri vardı. İşçilərinin xeyir-şər işlərində yaxından iştirak edir, xəstələnənlərə baş çəkir, köməyə ehtiyacı olanlara əl tuturdu. Məsləhətləri də həmişə öz doğmalarına ediləcək qədər səmimi və dəyərli olurdu. Onu tanımayanlar yalnız zabitəsini qeyd edirdilərsə, həmkarları bu zabitənin arxasında duran ədalətli insanı görürdülər.

İşin ən xırda incəliklərinə varan yüksəkixtisaslı peşəkar, ciddi məqamlarda soyuqqanlığını qoruyaraq ətrafdakıları səfərbər etməyə qadir olan cəsarətli  Nəzakət Pənahova gəmiçiliyin həyatında necə fəal idisə, öz evində də qayğıkeş ömür-gün yoldaşı, fədakar ana və diqqətcil nənə idi. Çox xoşdur ki, illərin ötməsinə baxmayaraq, Nəzakət xanım ona xas olan o gözəl xüsusiyyəti – həyat şövqünü və hər gün yeni bir şey öyrənmək həvəsini qoruyub saxlayır.

Bəli, deyirlər ki, aslanın erkəyi, dişisi olmaz. Amma Nəzakət xanım  öz ömür yolu ilə həm də onu sübut edir ki, aslan ürəkli olmaqla bərabər, həm də zərif, ədalətli və xeyirxah bir insan qalmaq olar – bax, əsl qəhrəmanlıq budur!

Yeni yaşınız mübarək, Nəzakət xanım!

 

Sevda Abdullayeva,

İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır