Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Bakı Yaxt-Klubunun tarixinə kiçik bir səfər

Mənə elə gəlir ki, Bakının ruhu ən çox Azneft meydanı ərazisindəki Bulvarda qorunub saxlanılır. Yaxşı yadımdadır, gəzinti katerləri ilə gələn qonaqları SSRİ-də məşhur olan Yaxt-klub qəbul edirdi. O vaxt İrana üzən sərnişin gəmisi də var idi. Mən özüm “Sovet Qırğızıstanı” gəmisində Həştərxana getmişəm. “Parkomunna” zavodu köhnə “İnturist” mehmanxanası yaxınlığında yerləşirdi. Onun qarşısında isə Yaxt-klubun körpüsü yerləşirdi. “Ordu, Aviasiya və Donanmaya Kömək Könüllü Cəmiyyətinin” körpüsü də bulvar ərazisində idi.



Mənim bulvarla bağlı xatirələrim çoxdur. Gənc vaxtı burada yığışmağı çox sevirdik. Hamının “Mirvari” kimi tanıdığı kafenin ilk adı isə “Ləçək” idi. “Qaya” vokal-instrumental ansamblı burada tez-tez çıxış edirdi. Hər dəfə “Ey həyat, sən nə qəribəsən” mahnısı səslənəndə bu əsrarəngiz melodiyanı dinləmək üçün hətta qağayılar da dənizdən uçub gəlirdilər. Sözsüz, bu gün həmin kafe çox gözəlləşib, amma, uşaqlıq və gənclik xatirələri əvəzolunmazdır. Həmin dövr bulvarının əsas “bəzəklərindən” biri də “Bakinski Raboçi” adlı hərbi gəmi idi. Gəmi, “Ordu, Aviasiya və Donanmaya Kömək Könüllü Cəmiyyətinin” körpüsündə dayanırdı. 1939-cu ildə mədənçilərin yaxt-klubu mövcud idi. Amma bir qədər sonra bura Bakı Şəhər Sovetinin nəzdində uşaq yaxt-klubu kimi fəaliyyətini davam etdirməyə başladı. Yaxt-klubun hazırki yerində isə Nargin adasına üzən hərbi qayıqların yan aldığı taxta körpü var idi.




1946-50-ci illərdə Bakı buxtasının su bölgəsində “Neftçi”, “Burevestnik”, “Vodnik” adlı müxtəlif yaxt-klublar, o cümlədən, “Dinamo” su stansiyası, “Ordu, Aviasiya və Donanmaya Kömək Könüllü Cəmiyyəti” hərbi-dəniz klubu yaranır. Bu klublar baydarka sürənlərə və kanoeçilərə Ümumittifaq yarışlarında iştirak etmək və SSRİ xalqlarının I Spartakiadasında respublika yığma komandasını təmsil etməyə imkan verdi. 50-ci illərin ortalarında isə ən yaxşılardan biri hesab edilən Yaxt-Klub yarandı. Yaxt-klubun körpüsünə müxtəlif tipli idman gəmiləri yan ala bilirdi. Bundan başqa, işçilər üçün xidməti otaqlar və yüngül idman gəmiləri saxlayan qurğular var idi. Yaxt-klubun yaxınlığında indi artıq mövcud olmayan Bakı hamamı yerləşirdi. Sözügedən hamam dənizin ortasında, Qız Qalası ilə üzbəüz idi.




1959-cu ildə avarçəkmədə SSRİ xalqlarının II Spartakiadasında ilk uğurlar əldə olundu. Bu uğurlar sözügedən idman növünün respublikada dinamik inkişafına təkan verdi. Sonralar Yaxt-klubun idmançıları mütəmadi ümumittifaq yarışlarında silsilə qələbələr qazandılar. Köhnə bakılıların sözlərinə əsasən, 70-90-cı illərin əvvəllərinə qədər Bakıda bir neçə yaxt-klub mövcud olub. Onlardan biri bulvarın sonunda kiçik buxtada yerləşən Uşaq yaxt-klubu idi. “Vodnik” adlanan digər yaxt-klub köhnə “İnturist” mehmanxanası tərəfdə yerləşirdi. Həmin bu yaxt-klubun körpüsündə xilasetmə stansiyası və təmir emalatxanaları yerləşirdi. 20-ci əsrin 80-ci illərinin əvvəllərində Yaxt-klub və idman klubları öz fəaliyyətlərini dayandırdı. Buna baxmayaraq, müstəqillik dövründə Yaxt-klub əsaslı təmir və rekonstruksiyadan sonra açılışını elan etdi. Hazırda bu klubda mehmanxana və restoran fəaliyyət göstərir. Yaxt-klubla yanaşı, Xəzər Yelkənl Qayıq İdman Klubu da yenidən fəaliyyətini bərpa edərək bir neçə uğurlu layihə və qələbələrə imza atdı.

Müəllif: Semyon Kastryulin


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır