Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Azərbaycan Xəzərdə də ön mövqeyə çıxır

Azərbaycanda islahatların həyata keçirilməsi artıq ənənəyə çevrilmişdir və bununla kimisə təəccübləndirmək mümkün deyil. Bu islahatlar qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, iqtisadiyyatın yeni və daha mürəkkəb sahələrinin yaradılmasına təkan vermişdir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak etmişdir. Bununla bağlı keçirilən mərasimdə qeyd olundu ki, özünəməxsusluğu ilə seçilən "Laçın” adlı neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilmişdir.

Həqiqətən, bu hadisə Azərbaycanın tarixində unikal hadisədir. Ölkəmizdə belə bir gəminin sıfırdan inşası gəmiçiliyin inkişafı istiqamətində atılan ilk uğurlu addım kimi qiymətləndirilə bilər.

Deməli, biz iqtisadiyyatın ən çətin sahələrinin yaradılmasına və inkişafına təkan verə bilən intellektual gücə malikik. Bu hadisə bir daha təsdiq etdi ki, gəmiqayırma zavodunun tikintisi ilə bağlı verilən qərar düzgündür. Zavodun inşası imkan verir ki, Xəzər Dəniz Donanmasına lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilsin.

İstehsal edilmiş tankerin uzunluğu 141, eni 16,9 metrdir. Tankerin manevretmə bacarıqları ona Volqa-Don çayından keçmək imkanını verir. Ölçüləri böyük olsa da 5-6 min tonadək yüklə Volq-Don kanalından keçmək imkanına malikdir.

Gəmiqayırma zavodu fəaliyyətini getdikcə daha da gücləndirir və burada yeni iş yerləri yaradılır, dövlət özü zavodu sifarişlərlə təmin edir. Gəmilərin tikintisinin maliyyə yükünün əsas hissəsini - 70 faizini Xəzər Dəniz Gəmiçiliyi, 30 faizini dövlət öz üzərinə götürür. Beləliklə, yeni yaranan bir sahə - gəmi tikintisi gəlirlə işləyən sahəyə çevrilir. İndi Xəzər Dəniz Gəmiçiliyi yüksək standartlara cavab verir, beynəlxalq şirkət kimi qüsursuz və gəlirlə fəaliyyət göstərir.

Hazırda Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük donanmaya malik ölkədir. Buna baxmayaraq, gəmiqayırma zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanması üçün zəruri olan müxtəlif təyinatlı digər gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var. Zavodun istehsal gücü həm Azərbaycan, həm də qonşu ölkələr üçün gəmilər tikməyə imkan verir. Bu baxımdan görülən işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi təbii ki, gələcəkdə müştərilərin artmasına səbəb olacaq.

"Azərbaycan” bərəsi də Xəzərdə ən çox avtomobil və tır götürən gəmi olacaq. O, 56 vaqon, 50 tir və 100 sərnişin götürmək imkanına malikdir. İlk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan "Ro-Pax” tipli "Azərbaycan” adlı gəmi-bərənin gövdə hissəsinin inşası başa çatmışdır. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatoru kimi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm halqasıdır. Bu qurum həmçinin Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərindən birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına və ümumilikdə tranzit potensialının reallaşdırılmasına xidmət edir. 

Yeni istismara verilən gəmilər Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini qoruyub saxlamağa, xarici sularda fəaliyyətimizin genişləndirilməsinə imkan yaradır. Bu gəmilər həm də Azərbaycan ərazisindən artan tranzit yüklərin daşınmasında, dənizdə neft-qaz layihələrinin uğurlu və daha təhlükəsiz icrasında mühüm əhəmiyyət kəsb edir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır