Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Qadınlar və dəniz: Əsrlərdən bəri qadın modası ilə dəniz qoşa addımlayır

Həqiqi qadın kimi heç kəsi sevməyən ingilis kraliçası I Yelizaveta XVI əsrdə kraliça Mariya Stüartın boynunu vurdurdu. Mübahisəli məsələlərin bu üsulla həll edilməsini sevməyən ispaniyalı Fillip İngiltərəni diz çökdürmək qərarına gəldi və onun əleyhinə “Məğlubedilməz Armada” göndərdi. İspanları sevməyən ingilis admiralı Dreyk onları La-Manşa dəvət etdi və tezliklə sübuta yetirdi ki, Armada heç də məğlubedilməz deyil. Qələbədən xəbər tutan Yelizaveta təntənəli məclis keçirmək fikrinə düşdü. Kraliça krinolin adlanan paltar geyinmişdi. Alt donu tüklü parçadan tikilmişdi və küləyin doldurduğu yelkəni xatırladırdı. Əlli yaşlı Yelizaveta bu valehedici paltarda sanki cavanlaşmışdı. Qalionlardan fərqli olaraq kraliça öz yelkəni ilə yüngül mehi yox, gənc qraf Esseki tutub saxlamışdı. Bu, başqa söhbətdir.

Yelizavetanın bu müvəffəqiyyəti digər qadınları da yelkən, bağışlayın, krinolin tikdirməyə sövq etdi.

O vaxt kişilər, xüsusən dənizçilər dərhal qəribə bir kəşf etdilər. Sən demə, qadın donlarının forması və ... yelkənlərin forması müxtəlif tarixi dövrlərdə bir-birlərinə uyğun dəyişmişdir.

Qadınlar dənizçilərdən nələr öyrənməmişlər:- korsaj, düyməli matros geyimi, pomponlu beret, hətta botfort çəkmələri...

Bunlar təsadüfdürmü? XIX əsrdə sərbəstliyin parıltısını xatırlayın. Qadınlar papiros çəkməyə başladılar və o vaxt belə deyirdilər:”Buxar gəmisinin borusu kimi tüstüləyir”.

Qadınlar heç nədən çəkinmirdilər. Hətta o qədər də rahat olmayan matros çarpayısı-qamak şəhəryanı istirahət bağlarına köçmüşdü. Həmin qamakda uzanmış ər matrossayağı zavallı görünürdü. Sevən qadının səsi isə səhər tezdən dənizçiləri yuxudan oyadan bosmanın harayını xatırladırdı.

Dənizlə qadın arasında oxşarlıq çoxdur. Əsrlərdən bəri qadın modası ilə dəniz qoşa addımlayır.

Daha bir təsdiq. Deyirlər ki, İngiltərədə krinolin yenə dəbə minib. Burada təəccüblü heç nə yoxdur. Gəmi inşaatçıları yenidən yelkən gəmilərinə qayıdırlar.

Rasif Tahirov - "Dəniz" qəzetinin Baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır