Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dinləmə bacarığını inkişaf etdirmək üçün 5 yol

Bütün insanların təməl ehtiyacı anlamaq və anlaşılmaqdır.

İnsanları anlamaq üçün ən mükəmməl yol isə onları dinləməkdir”

 Ralph G. Nichols

Dinləmək bacarığı diqqətli və emfatik liderlik üçün zəruridir. Bu bacarığınızı necə təkmilləşdirə bilərsiniz?

Danışdığımız zaman sözlərimizə daha çox diqqət yetirməyə meyil edirik. Rəsmi təqdimatçılardan tutmuş saysız kurslarda, iş yerlərində və treyninqlərdə daha çox önəm verilən və arzuolunan bacarıqlardan biri də yüksək danışıq bacarığına sahib olmaqdır.

Dinləmə bacarığımızı inkişaf etdirmək üçün lazım olan 5 yolu təqdim edirik:

1. Bütün diqqətinizi həmin an üçün cəmləşdirin. Nə vaxtsa başqaları ilə danışarkən onların diqqətinin yayındığının və əslində sizi dinləmədiklərinin şahidi olmusunuz? Əgər belədirsə, çox güman ki, sizin həmin an üçün dəyərləndirməniz bu vəziyyətin olduqca bezdirici, sinir pozucu və hörmətsiz bir hal olmasıdır. Həmin zaman siz hətta əsəbləşmiş və söhbəti yarımçıq kəsmiş də ola bilərsiniz.

Başqaları danışarkən bütün diqqətinizi həmin ana cəmləşdirməyiniz və bildirilən fikirlərə reaksiya vermək üçün aktiv olmağınız olduqca vacibdir. Əgər fikrinizdə tutduğunuz hər hansı etməli olduğunuz vacib zəng və ya kiməsə yazmalı olduğunuz vacib ismarıc varsa, bunu əvvəlcədən qarşı tərəfə bildirməlisiniz. İşinizi bitirdikdən sonra dinləmək üçün artıq hazır olduğunuzu məlumatlandırın. Dinləyərkən yalnız sözlərə deyil, həmçinin səs tonuna, üz ifadəsinə və bədən dilinə diqqət etməyə çalışın. Bu hal sizə söhbətə  daha yaxşı fokuslanmağınız üçün kömək edəcək.

2. Özünüzü onların yerində hiss edin. Ola bilər ki, siz danışanın fikriylə razısınız və bildirilən fikirlər sizdə maraq oyadır və ya əksinə. Söhbət zamanı onların hardan və niyə gəldiklərini aydınlatdırmağa çalışın. Onların həyatlarının necə olduğunu və hansı çətinliklərlə üzləşmiş olduqlarını düşünün, çünki bildirilən fikirlər qarşı tərəf üçün vacibdir. Belə olan halda, insanlar sizin həqiqətən onları dinləmək və anlamağa çalışdığınız üçün etdiyiniz cəhdi yüksək qiymətləndirəcəklər.

3. Əsas ideyanı tutmağa çalışaraq sizin həqiqətən dinlədiyinizi göstərin. İnsanların əksər hissəsi başqaları danışarkən diqqətlərini toplamaqda çətinlik çəkirlər, xüsusilə əgər bu danışıq bir dəqiqədən artıq müddətdə davam edirsə. Bu cür hallarda biz asanlıqla daha maraqlı şeylərə meyil edə bilərik. Əgər bu hal sizdə də baş verirsə, fikrinizi söhbət zamanı vurğulanan əsas detallara (açar sözlər) yönəltməyə çalışın. Söhbət bitdikdən sonra diqqət etdiyiniz həmin detalları xatırladaraq başa düşmədiyiniz hissələrin aydınlaşdırılmasını xahiş edin. Baxmayaraq ki, söhbət əsnasında tam diqqətli olmamışdınız, sizin bu cəhdiniz spiker tərəfindən üzürlü hesab edilməyinizə yardım edəcək.

4. Aktiv dinləmə üçün məşqlər edin. İnsanların çoxu başqaları danışarkən necə bir cavab verməli olduqları haqqında fikirləşirlər. Bunu etmək əvəzində, çalışın bütün diqqətinizi qarşı tərəfin nə dediyinə cəmləşdirin. Təsəvvür edin ki, danışıq bitdikdən sonra sizin nələri dinlədiyiniz və nəyi anladığınız barəsində sınaqdan keçəcəksiniz. Məşq üçün ən yaxşı yol, ailə üzvlərinizlə və ya yaxın dostlarınızla bir yerdə olarkən, qarşı tərəf fikrini bildirdikdən sonra danışılan mövzuda deyilənlərə öz mövqeyinizi bildirməyə çalışın. Əgər belə etsəniz görəcəksiniz ki, bu təcrübə söylənilənlərə fokuslanmaq üçün daha çox kömək edir.

5. Maraq dairənizi və açıq fikirliliyinizi inkişaf etdirin. Mütəmadi tərəqqi üçün arzu. Yeni bir şeylər öyrənməyə can atan şəxslər hər bir yeni söhbəti, öyrənmək üçün gözəl bir imkan olaraq qiymətləndirir. Onlar hər zaman yeni nələrsə kəşf etməyə və ya öyrənməyə səy göstərirlər və bunun üçün yeni bir şey öyrədə biləcəyinə inandıqları şəxslərlə təmasda olmağa çalışırlar. Bu şəxslər bütün fikirlərə açıqdırlar və eyni mövzuda başqalarının fərqli yanaşma tərzinin olduğunu düşünərək, hər dəfə öz mövqelərini müdafiə etməyə də ehtiyac görmürlər.

Bu insanlar davamlı olaraq yeni şeylər öyrənmək üçün yollar axtarır və bu məqsədlə bəzi çətinliklərə belə sinə gərirlər. Siz bu insanları yeni bir kursa qeydiyyatdan keçərkən, könüllü olaraq fərqli sahələrdə fəaliyyət göstərərkən və ya həyatlarında yeni təcrübələr etməyə çalışarkən görə bilərsiniz. Onlara görə başqalarını dinləmək özünü inkişaf etdirmək üçün başladılan səyahətə davam etmək üçün ən asan və təbii üsuldur.

Tərcümə etdi: Aytən Hüseynli

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır